İsveç millisi və PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Norveçlə yoldaşlıq oyunundan sonra yenidən maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, Norveç və “Real”ın gənc futbolçusu Martin Edeqor haqqında danışan futbolçu, onun inkişaf etməsi üçün atasından uzaq durmasını bildirib.
İsveçli hücumçu fikrini belə izah edib: “Bu barədə danışmaq bəlkə də düz deyil, ancaq onu atası idarə edir. Edeqor yaxşı futbolçu olaraq inkişaf etmək istəyirsə əvvəlcə atasından xilas olmalıdı. Bizə qarşı isə yaxşı oynadı, düşünürəm ki, hələ çox gəncdi və gələcəyi qabaqdadı”.
Qeyd edək ki, Norveç – İsveç oyununu 0:0 hesablı bərabərliklə başa çatıb. Əlavə olaraq bildirək ki, Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsində rəqibi olan Norveçlə oyunumuz iyunun 12-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.