Cari mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” növbəti çempionatın hazırlığı üçün iyunun 18-də bir araya gələcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək ağdamlılar təlim-məşq toplanışı üçün Avstriyaya üz tutacaq.
Hazırlıq müddətində komandanın baş məşqçisi Qurban Qurbanov yetirmələrini 4 yoxlama matçında sınayacaq. Bu barədə saytımıza açıqlamasında “atlılar”ın meneceri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, rəqiblərin kimliyi Qurbanovun seçiminə görə müəyyənləşəcək: “Demək olar ki, bizim oynayacağımız günlərə görə rəqiblərimizi seçmişik. Bilirsiz ki, milliyə dəvət olunmuş futbolçularımız komandaya gec qoşulacaq. Bu məsələyə toplanışa getməyimizə 1-2 gün qalmış aydınlıq gələcək”.
Əsgərov onu da bildirib ki, “Qarabağ” güclü rəqiblərlə qarşılaşa bilər. Bu rəqiblər arasında 14 qat Ukrayna çempionu Kiyev “Dinamo”su da var. Bundan başqa Moskvanın “Dinamo” klubu da ağdamlılara sınaqçı rəqib seçilə bilər.
Asif bəy rəqib seçiminin baş məşqçi Qurban Qurbanovun öhdəliyində olduğunu qeyd edib: “Avstriyada güclü rəqiblər olacaq. Hansı gün daha güclü, daha zəif rəqiblə oynama istəyinə uyğun addım atacağıq. Bir sözlə, ən yaxşısını etməyə çalışacağıq. Ümumi hazırlıq planında 4 yoxlama matçı keçirmək nəzərdə tutulub. Variantlar çoxdu. Hər şey baş məşqçinin verəcəyi qərara uyğun olaraq həyata keçiriləcək”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Lİqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq. Ağdamlılar vətənə geri dönüşü püşkün nəticəsindən asılı olaraq müəyyənləşəcək. Onu da bildirək ki, ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 İyul tarixlərində keçiriləcək. Püşkə görə təmsilçimiz ilk oyunu evdə keçirsə, Qurbanovun yetirməli iyulun 8-də Bakıya qayıdacaq.