“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandasının Qazaxıstanda keçirilən beynəlxalq turnirdə maksimum xal yığmaqla qalib olduğunu yazmışdıq. Belə ki, "qırmızı-qaralar” ilk oyunda “Kayrat”ı 4:1, ardından Almatı şəhər yığmasını 5:0 hesabıyla daramadağın etmişdi. Qəbələlilər həlledici görüşdə isə Qırğızıstanın "Abdış-Ata" kollektivini minimal hesabla üstələmişdi – 1:0.
"Qəbələ"nin U-16 komandasının məşqçisi Şəhruz Mustafayev mini-turnirlə bağlı Qazaxıstan mətbuatına danışıb. O, açıqlamasında maraqlı fikirlər səsləndirib:
"Komandamız Qazaxıstana ölkə çempionatının başa çatmasından dərhal sonra təşrif buyurmuşdu. Biz tətilə çıxmağa hazırlaşırdıq. Bununla belə, uşaqlara sağ ol düşür ki, bir araya gəldilər və turnirdə normal çıxış etdilər. Akademiyamızın əsas məqsədi medalçılar sırasına düşmək deyil. Biz futbolçularımızın gələcəyini düşünürük. Onların əsas komandada çıxış etməsinə nail olmağa səy göstəririk. Başa çatan turnirdə yetirmələrimizdən razı qaldıq. Görünən odu ki, "Kayrat"da futbol inkişaf edir və yaxşı işlər görülür".
Həmçinin yarımmüdafiənin sağ cinahında top qovan Əli Sadıqov əvəlcədən Almatıda qələbə qazanacaqlarına ümid etdiyini bildirib: "Turnir öncəsi yalnız onu fikirləşirdim ki, qələbələri sıralayaq, çempion olaq və kuboku başımız üzərinə qaldıraq. Sevinirəm ki, orda sanki bir yumruq olduq və istəyimizə çatdıq".
Turnirdə ən çox – 5 qola imza atan və "ən sərrast futbolçu" adına layiq görülən Elvin İmanlı futbolun onun üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Yaxşı turnir oldu. Qarşılaşmalar bizim üçün normal keçdi. Bizim qələbəmiz isə turnirə əlavə rəng qatdı. çempion olduğumuza görə hədsiz sevincliyəm. Bizlər üçün daha yaxşı oldu ki, futbol oynadıq. Əksinə evdə oturub dincəlmədik".