Türkiyənin 1-ci divizion təmsilçisi "Boluspor"a məxsus olan Vaqif Cavadov iyunun 15-də Boluya yola düşəcək. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşməyi planlaşdıran hücumçunun gələcək taleyinə bundan sonra tam aydınlıq gələcək.
Əməkdaşımızla söhbətdə Vaqifin atası – Fizuli Cavadov oğlu ilə bir sıra yerli klubların maraqlandığını bildirməklə yanaşı, əsas söz sahibinin "Boluspor" olduğunu diqqətimizə çatdırdı:
"Vaqifin müqaviləsi 1+1 ildi. Yəni, "Boluspor" rəhbərliyi onun xidmətlərində maraqlı olsa, oğlum daha 1 il Türkiyədə oynayacaq. Ancaq bunun üçün klub öhdəliklərini yerinə yetirməlidi. Son 5 ayın maaşını verməyiblər. Vaqifə ayın 15-də borcların ödəniləcəyini vəd ediblər. Həm bu, həm də gələcəyinə dair suallara məhz bu səfərdən sonra aydınlıq gələcək. Gizlətmirəm, onunla bir sıra yerli klub maraqlanır. Ancaq müqaviləylə Bolu təmsilçisinə məxsus olduğuna görə, yalnız qardaş ölkəyə səfərdən sonra növbəti mövsümü harada keçirəcəyinə aydınlıq gələcək".
Qeyd edək ki, Cavadovun "Xəzər Lənkəran"la razılığa gəldiyi deyilir.