AFFA rəhbərliyinin millimizin AÇ-2016-nın seçmə qrup mərhələsindəki 3-cü yer xülyası yavaş-yavaş nəzəri cəhətdən də göyə sovrulmaqdadı. Yığmamızın keçirdiyi hər oyundan sonra şansları bir qədər də kiçilir. Malta üzərində gözlənilən qələbədən sonra nəzəriyyə azarkeşləri dərhal turnir cədvəlinə boylanmağa başladılar. Hərçənd, kalkulyatora ehtiyac yox idi. Aktivində cəmi 1 qələbəsi olan komandanın hansı nəticələrini toplayacaqdılar ki?
İki gündən sonra Norveçdə növbəti sınağına çıxacaq millimiz həqiqətən nəzəri cəhətdən 3-cü yer şanslarını qorumaq istəyirsə, "vikinqlər ölkəsi"ndən qələbə ilə dönməlidi. Çünki 5 turdan sonra 3-cü pillədə qərarlaşan Norveçdən 6 xal geridəyik ki, fərqi azaltmaq üçün "6 xallıq oyun"dan gözəl fürsət düşə bilməz. Bu başqa məsələ ki, arzularla imkanlar üst-üstə düşməlidi, amma biz yalnız nəzəri cəhətdən danışırıq.
Üçüncülük uğrunda Norveçin əsas rəqibi Bolqarıstan Malta səfərində olsa da, qulağı Osloda olacaq. Çünki yığmamız rəqibindən heç-heçə belə qopara bilsə, şərqi avropalılar üçün bu, göydəndüşmə olacaq. 
Skandinaviyalılardan 4 xal geri düşən Bolqarıstan Maltanı məğlub etsə, artıq növbəti turda 3-cü pilləyə yüksələ bilər. Çünki sentyabrın 3-də məhz Norveçlə qarşılaşacaq. Özü də doğma publika qarşısında. 
Elə həmin gün təmsilçimiz baş məşqçilərinin həmvətənlərini qəbul edəcək. Yəqin ki, Robert Prosineçki həyatında ilk dəfə Xorvatiyanın uduzmasını arzulayacaq. Amma yenə də "arzular və imkanlar kitabı"na müraciət etməli olacağıq. Çünki nəzəri cəhətdən mümkün olsa da, praktikada bunu həyata keçirmək inandırıcı görünmür. Turnir cədvəlinə başçılıq edən yığmanın dünyanın 115-ci ölkəsinə məğlub olması üçün ya gərək xorvatların xala ehtiyacı olmasın, ya da futbolçularımız hər tsikldə nümayiş etdirdikləri "bir atımlıq barıt" oyunlarını keçirsinlər. Nəzəri cəhətdən bu variant da mümkündü. Üstəlik, Bolqarıstan evdə Norveçlə xalları yarı bölsə, millimiz skandinaviyalılarla fərqi minimuma endirmiş olacaq. Təbii ki, iyunun 12-də millimiz Osloda qalib gəlmək şərti ilə. 
Nəzəri cəhətdən fərqi minimuma endirmişiksə, niyə də fantaziyalarımızı bir az da genişləndirməyək. Oktyabrın 10-da Bakıda İtaliyanın da "xoruzunu veririk qoltuğuna" və Maltanı evdə məğlub edəcək Norveçə xal fərqini artırmağa imkan vermirik.
Nəhayət, son oyun günü – oktyabrın 13-də Bolqarıstanı səfərdə məğlub etməklə, İtaliyada yenilən Norveçi də arxada qoyaraq, 3-cü pilləyə yiyələnirik. Bu qədər sadə. AFFA-nın ürəyindəkini biz qələmə aldıq. Əlbəttə, nəzəri cəhətdən. Gəlin badələrimiz arzularla imkanların üst-üstə düşməsi sağlığına qaldıraq.
AĞA
P.S.: Lakin yığmamızın baş məşqçisi Robert Prosineçki heç də bu xülyalara qapılmış təsiri bağışlamır. Belə ki, xorvatiyalı mütəxəssis bir neçə gün öncə ölkəsinin mətbuatına açıqlama verərkən daha real danışıb. O, cari yarışdan əllərini üzdüklərini, DÇ-2018 və AÇ-2020 üçün planlar qurduğunu bildirmişdi.
Shares: