2015/16 mövsümünün hazırlıqlarına start verən “Qəbələ”də 7 futbolçu ilə yollar ayrılıb. Futbolinfo.az xəbər verir ki, müqavilə müddəti başa çatmış futbolçulardan Viktor Mendi, Bəxtiyar Soltanov, Pavol Farkaş, Aleksandru Benqa, Mixail Sivakov, Ruslan Fomin və Cavidan Hüseynzadə ilə əməkdaşlığa son verilib.
2011-ci ilin yayından “qırmızı-qaralar”ın şərəfini qoruyan Mendi 4 mövsümdə 33 qol vurub, klub tarixinin ən yaxşı bombardiridi. Seneqallı hücumçu 127 oyun keçirməklə Dodonun rekorduna şərikdi.
Benqa və Farkaş 2014-cü ilin yayında transfer olunub. Farkaş 14 oyunda 2 qol vurubsa, Benqa 7 matçın iştirakçısı olub. Mövsümün gedişində “Qəbələ”yə keçən Soltanov “qırmızı-qara” formada keçirdiyi 24 qarşılaşmada 4 qol vurub. Əyalət təmsilçisinə qış fasiləsində qoşulan Ruslan Fominlə Mixail Sivakov “qırmızı-qara” formada yarım mövsüm keçirib. Bu müddətdə Fomin 17, Sivakov 13 matçda meydana çıxıb. Hüseynzadə isə yalnız 1 görüşün iştirakçısı olub və 1 top buraxıb. 
2015/16 mövsümünün transfer çalışmalarına da start verən Qəbələ klubu heyətini gücləndirmək istiqamətində addımlar atıb. 5 futbolçu növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyəcək. Bunlar qapıçı Andrey Popoviç, müdafiəçilər Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Samir Zərgərov, Asif Məmmədovdu. 2006-2009-cu illərdə “Qəbələ”də çıxış edən Zərgərov klub tarixinin ən çox oyun keçirən 8 futbolçusundan biridi. O, 84 oyunda 10 qol vurub. Ölkə çempionatlarında 200-dən artıq oyun keçirən yarımmüdafiəçi “Ədliyyə”, “Standard”, “Kəpəz” və “İnter”in də şərəfini qoruyub. 2009/10 mövsümündə “Qəbələ”də çıxış edən Daşdəmirov klubun heyətində 18 matça çıxıb. Premyer Liqada 200-dən çox oyun keçirən 28 yaşlı müdafiəçi “Şahdağ” (2004-2006), “MKT-Araz” (2006-2007), “Masallı” (2007-2008), “Olimpik” (2008), “Standard” (2009) və “İnter”in (2010-2015) də şərəfini qoruyub. Məmmədov da vaxtilə qəbələlilərin formasını geyinib. O, “Qəbələ”nin Premyer Liqada debüt etdiyi 2006/07 mövsümündə “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 8 ildən sonra qayıtdığı komandada 9 oyun keçirib, 3 qol vurub. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Saf” (2003-04), “Ədliyyə” (2004-06), “MKT-Araz” (2006), “Standard” (2007-08), “İnter” (2008-10, 2011-15), “Xəzər Lənkəran” (2010) klublarında da çıxış edib. Popoviç və Mirzəbəyov da Daşdəmirov kimi Azərbaycan milli komandasının üzvləridi. 25 yaşlı Məhəmməd Premyer Liqada “Sumqayıt” (2012-2014) və “İnter”də (2014-2015) çıxış edib. Bunadək isə o, Rusiyada “Torpedo” (Moskva, 2006-2008), “Torpedo-ZİL” (2009) və “Anji”nin (2010-2012) şərəfini qoruyub. Popoviç “Bakı” (2008-2011), “Abşeron (2010-2011), “Sumqayıt” (2011-12 və 2014-15), “Turan”la (2012-2013) yanaşı, ölkə xaricində də legioner həyatı yaşayıb. 23 yaşlı qapıçı 2013-cü ildə Türkiyənin “Tavşanlı Linyitspor” klubunun formasını geyinib.
(Klub saytı)
Shares: