“Neftçi”dən gedəcəyi deyilən Julius Vobay buna aydınlıq gətirib. Futbolinfo.az-a açıqlama verən, syerre-leoneli futbolçu hələlik istirahət etdiyini bildirib.
Afrikalı yarımmüdafiəçi paytaxt klubu ilə müqaviləsinin bitdiyini və yeni təklif almadığını deyib:
“Neftçi” ilə müqaviləmin müddəti başa çatıb. Hələ ki, klubdan yeni təklif almamışam. Hazırda vətənimdə istirahət edirəm. İsitahətimi başa vurduqdan sonra müqavilə haqqında düşünəcəm. “Neftçi” məni heyətində görmək istəsə, orada qalacam. Əks halda yollarımız ayrılacaq”.
Vobay komandada baş verən baş məşqçi dəyişikliyinə isə belə münasibət bildirib: “Baş məşqçi dəyişikliyi haqqında çox danışmaq istəmirəm. Bu rəhbərliyə aid olan məsələdi. Onlar da nə edirlərsə, komandanın uğur qazanması üçün edirlər. Ümid edirəm ki, yeni məşqçi komandaya uğur qazandıracaq”.
Yarımmüdafiəçi Samir Əliyevin baş məşqçi olmasından xəbərsiz olduğunu sözlərinə əlavə edib: “Samir Əliyevin baş məşqçi olmasından xəbərsizəm. Ona görə də heç nə deyə bilmərəm”.