Malta yığmasının yarımmüdafiəçisi Pol Fenek Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah baş tutacaq Bolqarıstanla oyun öncəsi yığma komandamızla qarşılaşmanı xatırlayıb. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu ən çox qorxduğu məqamın Robert Prosineçkinin yetirmələrinə qarşı oyunda baş verdiyini bildirib.
Fenek şərqi avropalılarla oyun öncəsi yüksək əhval-ruhiyyə qazandıqlarını bildirib: “Litvaya qarşı yoxlama oyununda qələbə qazandıq – 2:0. Bu, bizim üçün Bolqarıstanla matça yaxşı motivasiya oldu. Ümumiyyətlə, cari seçmə tsikldə yaxşı oynayırıq. Səfərdə bolqarlardan xal almağımız buna nümunədi. Xüsusi olaraq, bir məqama diqqət yetirməliyik: qapımızdan erkən qol buraxmamağa. Azərbaycanla oyunda bunu bacarmadıq və nəticədə 0:2 yenildik. Eyni səhvi Bolqarıstanla qarşılaşmada təkrarlamamalıyıq”.