Sabah Azərbaycan millisi Avrop Çempionatının seçmə oyunları çərçivəsində (AÇSO) Norveçin qonağı olacaq. 2002-2004-cü illədə yığmamıza baş məşqçilik edən Əsgər Abdullayev qarşılaşma ilə bağlı fikirlərini futbolinfo.az saytına bildirib.
Hazırda işsiz olan çalışdırıcının fikrincə, sabahkı görüşdə psixoloji durumdan çox şey asılıdı və millimiz ilk dəqiqələrdən müdafiədə oturmamalıdı:
“Əvvəla rəqibin nəticələrinə nəzər salsaq, görərik ki, turnir cədvəlində 9 xala malikdilər. Həmçinin 7 qop vurub, 8-ni buraxıblar. Güclü rəqib olmağına baxmayaraq, səfərdə Xorvatiyaya 5:1, italyanlara 2:1 hesabı ilə məğlub olublar. Bu fakt onu göstərir ki, komanda qol buraxa bilər, müdafiədə problemləri var. İlk oyunda bizi Bakıda məğlub etmişdilər. Burada əsas məsələ millimizin futbolçularını oyuna psixoloji cəhətdən necə hazırlamasıdı. Bizdə həmişə fiziki durumun pis vəziyyətdə olması əsas qabardılan mövzudu. Mən bununla razı deyiləm. Psixoloji durum daha böyük rol oynayır. Yəni sən matça hazır deyilsənsə, rəqibdən çəkinirsənsə, artıq oyundan əvvəl uduzmusan. Fiziki durum odu ki, görüş ərzində yorğunluq olur, bu da sonda məğlubiyyətə gətirib çıxarır. Əslində, hər bir futbolçu bunu dərk etməlidi".
Abdullayev millimizə hava toplarında ehtiyyatlı oynamağı məsləhət gördü: "Ümumiyyətlə, futbol Azərbaycanda bir bayramdı. Sabah da Avropa Oyunları start götürəcək. Hər ikisi üst-üstə düşür. Yəni futbolçular bunu da dərk etməlidi və özlərini oyuna hazırlamağı bacarmalıdılar. Bu yerdə məşqçinin də üzərinə böyük məsuliyyət düşür. Məğlubedilməz komanda yoxdu. Fikrimcə, komanda müdafiəyə çox çəkilməməlidi. Çünki biz "ikinci mərtəbədə" oyunçu tutumunda böyük səhvlərə yol veririk. Vacib qarşılaşmalarda da ən böyük səhvlərmizi standart vəziyyətlər zamanı etmişik".
O, ilk dqiqələrdə qol buraxmağın komandamız üçün çox təhlükəli olduğunu da bildirib: "Rəqib hazırda 2-ci yerdə gedən İtaliya yığmasından 2 xal geridədi və onlara çatmaq şansları var. Məlum məsələdi, rəqibin bu qarşılaşmadan istəyi 3 xal götürməkdi. Onlar ilk hissənin əvvələrindən çalışacaq ki, istəyinə nail olsun. Ona görə də çox dəqiq olmaq lazımdı. Müdafiəyə çox çəkilməməliyik və qapının təhlükəsizliyini qorumağı bacarmaq lazımdı. Belə olan halda, vaxt bizim lehimizə işləyəcək. Çünki onlar hər nə yolla olursa-olsun məsələni tez bir zamanda həll etməyə çalışacaqlar. Ayıq-sayıq olmaq, vaxt azaldıqca rəqibi əks-hücumlarda yaxalamaq lazımdı ki, səhvə yol versinlər. Əsas məsələ rəqibi həmin bu səhvetmələrə gətirib çıxarmaq və bu şanslardan yararlanmaqdı. Oyunu müdafiədə keçirmək məğlubiyyətə gətirib çıxaracaq. Mən belə düşünürəm ki, oyunu orta sahəyə keçirməliyik. Yəqin ki, məşqçimizin də öz fikri var. Sadəcə,bu şəxsi fikrimdi, mən belə düşünürəm. Ən əsas şərt odu ki, matçın ilk dəqiqələrində top buraxmamalıyıq. Bayaq qeyd etdiyim kimi, psixoloji vəziyyətdən çox şey asılıdı. Hər bir futbolçu “mən” sözünü deməyi bacarmalıdı və düşünməlidi ki, oyunun taleyini mən həll edəcəyəm. Bu, bütövlükdə gəlib “biz”ə çıxıb oyunun taleyini həll edəcək. Qarşıdan da Avropa Oyunları gəlir. Bunu hər bir futbolçu düşünüb, oyuna tam hazırlaşmalıdı. Rəqiblə həmişə hesablaşmaq lazımdı, onların güclü və zəif cəhətlərini bilməliyik. Artıq məşqçilər rəqibin oyunlarını izləyib, oyunçuları təlimatlandırıblar. Hər bir futbolçu oynadığı mövqedə rəqibinə qarşı necə çıxış etməlidi, yəqin ki, hamsını bilirlər. Çalışıb hər bir şansdan istifadə etmək lazımdı”.
ELMAR ABDULLA-ZADƏ