Cari mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ”dan bir sıra futbolçuların getməsi müzakirə mövzusuna çevrilib. Muarem Muarem və Vüqar Nadirovun ardınca Leroy Corcun da komandadan ayrılması azarkeşlər tərəfindən heç də xoş qarşılanmadı.
Kluba qarşı təzyiqlər oldu ki, bunu da onların fanatlıq hisslərinə bağışlamaq lazımdı. Nəzərə alaq ki, adıçəkilən hər 3 futbolçu “Qarabağ” üçün misilsiz xidmətlərinə görə azarkeşlərin sevimlisinə çevrilib. Düzdü, Vüqar Nadirovun məsələsində isə vəziyyət bir qədər fərqlidi. Buna da yazının gedişində aydınlıq gətirməyə çalışacam.
Onsuz da, Muaremin Ağdam klubundan ayrılması gözlənilən idi. Çünki onun “Əskişəhərspor”a transferi hələ qışda gündəmə gəlmiş, məsələyə mövsümün sonunda aydınlıq gətiriləcəyi gözlənilirdi. Nəzərə alaq ki, türk əsilli makedoniyalının özü də klubdan ayrılmaqda israrlı idi. Düzdü, o, “atlılar”da öz sözünü demişdi – kritik oyunlarda komandasına kömək etmiş, vacib qələbələrdə pay sahibi olmuşdu. Ancaq onu da unutmaq lazım deyil ki, yarımmüdafiəçinin türk klubuna transferinə onun “Qarabağ”da sərgilədiyi oyun səbəb oldu. İstənilən halda hər iki tərəf – həm futbolçu, həm də klubun özü bu şansdan maksimum yararlandı. Getmək vaxtı gəldi və yollar ayrıldı. Muarem də Türkiyəyə qayıdışından sonra Superliqa təmsilçisinə transfer olunmasından olduqca məmnunluq hissi duyduğunu dilə gətirdi. Hər halda 300 min dollarlıq təklif onun üçün heç də geri çevirə biləcəyi məbləğ deyildi. Bizə sadəcə, ona karyerasında uğurlar arzulamaq qalır.
Vüqar Nadirova gəlincə, onun komandadan getməsi ətrafında səslənən fikirlər heç də xoş deyil. Bəziləri bunu dinə, bəziləri isə maaş söhbətinə bağlayır. Əldə etdiyimiz məlumata görə, bunların heç biri onun gedişinə səbəb olmayıb. Yəqin ki, yaxın günlərdə bu məsələyə tam aydınıq gələr. Ancaq maaş məsələsi daha çox qabardılırsa, buna da fikir bildirməyimiz, daha yaxşı olar.
Nadirov ümumilikdə 10 ilini “Qarabağ”a həsr edib. Ağdam klubunun barmaqla sayıla biləcək ağdamlılarından idi. Atası Ərşad Nadirov Qarabağ savaşında şəhid olub, əmisi Adil Nadirovun isə “Qarabağ”ın ayaqda qalmasında müstəsna xidmətləri danılmazdı. Ancaq Vüqar əsas heyətə düşmək, daim meydanda olmaq üçün öz üzərində çalışmadı. Demokratiyanın əks olunduğu “Qarabağ”da isə Vüqarın meydandankənar üstünülükləri onun heyətə düşməsinə imkan yaratmadı. Fikrimcə, rəğbətimizi qazanmış Vüqarın özü də bu amillərə görə ona güzəşt edilməsinə razı olmazdı. Heyətə düşə bilməyən futbolçu layiq olmadığı pulu tələb edirsə, burada ayaq saxlamaq, bir qədər düşünmək vacibdi.
Yaxın keçmişə boylansaq, Vüqarın stabil çıxış etdiyini görə bilərikmi? Bu, bir qədər çətin sual oldu. Düzdü, o, Avropa Liqasının qrup mərhələsində səfərdə “Sent-Etyen”in qapısından möhtəşəm qol keçirməklə azarkeşləri ayağa qaldırmış, onları sevinc göz yaşlarına boğmuşdu. Amma acı reallıq budu ki, Reynaldo zədəli olduğu üçün Nadirov meydana məcburiyyətdən buraxılmışdı. Bir anlıq əvəzedilməz oyunçu statusu qazanan Nadirov daha sonra əvəzediciyə çevrildi. Öz üzərində çalışmadı, rəqabətdə uduzdu.
Futbolçunun özü də “Qarabağ”dan əsas heyətdə oynamaq üçün ayrıldığını bildirir. Bəlkə də, “Qarabağ”ın onu saxlamaqda israrlı olmamasının səbəblərindən biri də budu. Ancaq səbəblərdən biri də, klublarda maliyyə probleminin, sıxıntıların olmasıdı. Onsuz da, manatın devalvasiyaya uğraması klublarımızı iflic vəziyyətə salıb. Hətta bu səbəbdən bir neçə klubumuzun növbəti mövsümdə iştirakı sual altındadı. Vəziyyət o yerə çatıb ki, avrokuboklara vəsiqə qazanmış 4 klubumuzdan yalnız 2-nə – “Qarabağ” və “Qəbələ”yə ümidimizi bağlamışıq. Ki, ölkəmizi yalnız onlar beynəlxalq arenada layiqincə təmsil edə bilər.
“Qarabağ” da ardıcıl iki çempionluqdan sonra heyətə mütləq əl gəzdirməli idi. Elvin Məmmədov, Coşqun Diniyev kimi yerli oyunçular transer olunubsa, müqaviləsi başa çatanlar haqda düşünmək mütləq idi. Həm maliyyəyə qənaət, həm də gələcəkdə çətin durumda qalmamaq üçün. Hə, bir də onu da yaddan çıxartmayaq ki, buna qədər transfer siyasətinə görə “Qarabağ”ı ayaqda alqışlamışdıq.
İlqar Qurbanov, Namiq Yusifov və Leroy Corcla müqavilə müddətini artırmamasını da başa düşmək olar. Məsələ burasındadı ki, İlqarla Namiq əsas heyət üzvləri deyil. Meydana oyunun son dəqiqələrində daxil olarlar, ya yox. Maddi sıxıntıların yaşandığı bir vaxtda heyətə düşməkdə çətinlik çəkən futbolçulara layiq olmadığı və oyunçunun özünün istədiyi pulu vermək ağılsızlıq olar. Çünki bu, komandanın gələcək çıxışına mənfi təsir edə bilər. Onu da nəzərə almalıyıq ki, məlum məsələrə görə komandaların sponsorları da maliyyə baxımından ciddi zərbə alıb. Onların gələcəkdə özünü düzəltməsi isə bir qədər zaman lazımdı. Belə durumda qənaətə ehtiyac duyulur ki, bunu da anlayışla qarşılamaq lazımdı. Ciddi qazanc əldə etmədən komandaya maliyyə yatıran rəhbərliyin belə məqamda fikirləşməsini, yüz ölçüb, bir biçməsini normal qəbul etmək lazımdı.
Hə, bəziləri bu fikirlərimə görə mənə irad da bildirə bilər. Deyə bilər ki, sponsorun dədəsinin pulu deyil ki, Azərbaycandan qazanıbsa, bura da xəcləməlidi. Bir dəqiqə! “İnter”, “Simurq”un aqibətini nə tez unutdunuz? Məgər Cahangir Hacıyev pulu Mozambikdən qazanırdı? O da Azərbaycan qazanırdı da. Hanı o pullar? Pullar varsa, niyə “İnter” və “Simurq”un gələcəyi sual altındadı? Zənnimcə, “Qarabağ” gələcəkdə dağılan klubların aqibətini yaşamamaq üçün doğru yoldadı. Ehtiyatda qalan futbolçulara ümumilikdə il ərzində 1 milyona yaxın pul ödəməkdənsə, onu daha doğru xərcləyib, uğur qazanması məqsədəuyğundu.
Onu da unutmayaq ki, futbolçular pula görə top dalınca qaçır. Vaxtı ilə “bura mənim evimdi, komandamın uğur qazanması üçün canımdan keçməyə hazıram” deyən futboçuları çox görmüşük. Buna misal olaraq “Bakı”dan Rauf Əliyevi də, “İnter”dən gürcüləri də, “Simurq”dan mövsümün sonunda Lənkəran səfərinə yollanmayan futbolçuları da missal göstərmək olar. Azarkeşlərə, “Qarabağ”a bu, lazımdırmı? Yəqin ki, yox! Və hər kəs futbolçuların pula görə oynadığını, olmadığı halda ağız-burun əydiyini qəbul etməlidi. Bir və ya bir neçə futbolçunu ilahiləşdirib, komandadan üz çevirmək də düzgün yanaşma deyil. Artıq bəzi reallıqları qəbul etməyin vaxtıdı…
Leroy Corca gəldikdə isə, onun potensialı, sərgilədiyi oyun ümumilikdə Namiq Yusifov və İlqar Qurbanovun birgə gücünə və bəlkə də artığına yetər. Bu potensiala sahib olan fubtolçu isə “Qarabağ”da sərgildəiyi oyuna görə diqqət mərkəzinə düşüb və çox pul istəməyə hardasa haqlıdı. Amma məsələ burasındadı ki, komandanın onun istədiyi 400 min dollardan artıq maaşı verməyə gücü çatmır. Bəlkə də çatır. Amma qənaət edir. Niyə? Çünki ölkədəki durum hər kəsə bəllidi və qənaətə ehtiyac var. Onun bu durumda komandada saxlanılması kluba çətinlik yarada bilərdi. Nəzərə alaq ki, Leroya veriləcək illik yarım milyon dollarlıq maaşın əvəzinə komandada 2 futbolçunun əməkhaqqısını rahatlıqla ödəmək olar.
Fikrimcə, “Qarabağ”ın bu siyasətinə etiraz edənlər “transfer pəncərərsi” açılmasına baxmayaraq, AZAL-ın, “Neftçi”nin hələ də hər hansı bir addımın atmamasına, bir çox klubların ümumiyyətlə, “yatmasına” baxıb, bir qədər düşünməlidirlər. İnanmıram ki, etirazçılara maddi problemlər yaşayan klub hər gün “neçə aydı maaşımız verilmir” deyə deyinən futbolçular lazım olsun. Nəinki, sizə, heç dövlətimizə də lazım deyil. Bizə Qarabağ adının yaşaması, onun isminin Avropada səslənməsi kifayətdir ki, bunu vacibliyini klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov daha gözəl bilir.
EMİN SƏFƏROV