Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” klubu hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “bankirlər” turnirə “İnter Arena”da hazırlaşır.
Mövsüm sonunda əsas heyətin yarsını yola salan bakılılar artıq yavaş-yavaş özlərinə gəlməyə başlayıblar. Belə ki, bu gün komandanın məşqində yeni simalara rast gəlmək mümkün idi. Dünən transfer edilən Rauf Əliyev bu gün komandanın səhər məşqində iştirak edib.
Bundan əlavə, gürcü futbolçu Zurab Xizanişvili də bu gün komandanın düşərgəsində hazırlıqlara başlayıb. Əldə etdiyimiz məlumata görə, 33 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq. Karyerası boyunca “Dandi”, “Blekbern”, “Reyncers”, “Nyukasl”, “Ridinq” və “Kayserispor” kimi komandaların şərəfini qoruyan təcrübəli oyunçu Gürcüstan yığmasında da 93 görüşdə meydana çıxıb. Müdafəçinin atası Nodar Xizanişvili baş məşqçi Zaur Svanadze ilə futbolçu kimi birlikdə oynayıblar. Çox güman ki, oğul Xizanişvili şəxsi tanışlığa görə komandaya kömək məqsədi ilə çağrılıb.
Paytaxt təmsilçisində daha bir yeni simaya rast gəldik. Bu, ötən mövsüm "Araz Naxçıvan" çempionatı yarımçıq tərk etdikdən sonra klubsuz qalan millimizin sabiq üzvü Saşa Yunisoğludu. 29 yaşlı müdafiəçi hazırda "İnter"də baxışdadı. Futbolçu özünü yaxşı tərəfdən göstərib, məşqçiləri razı sala bilsə, klubla müqavilə bağlayacaq.
Qeyd edək ki, paytaxt təmsilçisnin Avropa Liqasındakı rəqibləri bu gün baş tutacaq püşkatmadan sonra bilinəcək.