Qəribə vəziyyətdi, əvvəllər avrokuboka gedən komandalarımız heyətini ən yaxşılarla gücləndirər, ən yüksək nəticəyə ümid edərdilər. Hətta elə vaxtlar olurdu ki, milli komanda üzvləri qitə yarışları öncəsi hansısa klubumuzun hüyətinə doldurulurdu. Sanki “səfərbərlik” elan olunur, hamı “cəbhə xətti”nə yollanırdı.
Zaman keçdi, vəziyyət dəyişdi. Hətta bir ara klublarımız o qədər harınladı ki, pulu küləyə sovurdular, adi oyunçuya dəyərindən qat-qat artıq pul verdilər, yedilər, dağıtdılar.
Və həqiqət anı. Bütün bu özbaşınalığın, hərisliyin, görməmişliyin yekunu – bu gün əksəriyyət ac qalıb. Elə ac qalıb ki, “Qarabağ” və “Qəbələ” kəskin qənaət siyasəti sayəsində ayaqda qalmağa çalışır, “Neftçi” kisənin dibini sıyırır, “İnter”, ümumiyyətlə, havayla dolanır. Bu, həmin “Neftçi”di ki, hətta silləvuranları belə sıravi ölkə vətəndaşlarının ömrü boyu qazana bilmədiyini bir ayda əldə edirdi; bu, həmin “İnter”di ki, Anatoli Konkovu milyonçu etdi, bir çox bolqarın, gürcünün bütün nəsil-nəcabətinin dolanışığını təmin etdi.
İndi hamı müflis durumdadı, ancaq “Neftçi”ylə “İnter”, xüsusilə də ikincilər biabırçı gündədi. “Neftçi” o vəziyyətə gəlib ki, heç vaxt güvənmədiyi gənclərə xilaskar, 2 il öncə adını eşitmək istəmədiyi əcnəbilərə supertransfer gözü ilə baxır. “İnter” isə…
Avropa Oyunları bizə çox şey öyrətdi. Ən başlıcası, artıq hamı qənaətlə xərcləməyin vacibliyini dərk edib. Çox güman ki, bundan sonra kimsə əlini cibinə salanda gözünü yumub xərcləmək haqda fikirləşməyəcək.
Bakı-2015 “İnter” üçün əla nümunə də qoydu. Avropa Oyunları üçün səfərbər olan könüllülər sabiq “bankirlər”ə də doğru yol göstərib. Bakı klubu Avropa Liqasına volontyorlarla gedir. Komanda rəhbərliyi çətin vəziyyətdən çıxmaq üçün bu nümunədən istifadə etmək fikrinə düşüb və hələ ki, işlər qaydasındadı.
Özünüz baxın:
“Neftçi”dən ayrılandan sonra heç kimin yiyə durmadığı Rauf Əliyev “İnter”lə 6 aylıq müqavilə bağlayıb. Bu müddətdə heç bir maaş istəməyən millinin hücumçusunun şərti var: Digər klublardan təklif gələrsə, futbolçu istənilən vaxt komandanı tərk edə bilər.
Daha bir könüllü Gürcüstandan gəlib. Babam yaşında olan Zurab Xizanişvili də atası Nodar Xizanişvilinin dostunun xahişiylə buradadı. Özü də volontyor kimi “İnter”in baş məşqçisi olan Zaur Svanadzenin xahişi ilə köməyə gələn 33 yaşlı veteran yeyib qaçan həmvətənlərinin günahını yumağa çalışacaq.
Ötən mövsüm "Araz Naxçıvan"da oynayan, komanda dağıldıqdan sonra 6 ay futbolsuz qalan Saşa Yunisoğlu da belələrindəndi. O da işsizlikdənsə, “nisyə” oynamağa razıdı.
Nizami Hacıyevlə Əfran İsmayılov da Avropa Liqasında könüllü olub, sonra maaşlı müqaviləyə ümid edəcəksə, əvvəldən komandada olan digər yerlilər çoxdan bu aqibətlə barışıb. “Neftçi”dən buraya pənah gətirən Mirhüseyn Seyidov, Denis Silva, eləcə də çempionat boyunca “İnter”in ehtiyat oyunçular skamyasını isidən Slavço Georgiyevski də volontyor rolundadı.
Ey, gidi dünya, haralardan haralara gəldik. Makovski qardaşlarına milyonlar xərcləyən, oynamayan Belkevişə sərvət ödəyən, daha sonra da kisənin ağzını heç bağlamayan “İnter” gör nə günlərə qaldı?
FƏRİD
Shares: