Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Mladost" klubu son Çernoqoriya çempionatını 4-cü pillədə tamamlayıb. Futbolinfo.az xəbər verir ki, yüksək liqada paytaxt Podqoritsanın yeganə təmsilçisi olan komanda avrokuboklarda debüt edəcək.
1992-ci ilə qədər OFK adı altında çıxış edən klub keçmiş Yuqoslaviyada əsasən 2-ci divizionda mübarizə aparıb. 1950-ci ildə yaradılan klub "ağ-qırmızı" formada çıxış edir. 
"Mladost" ev oyunlarını "Tsvietni Brieq" stadionunda keçirir. Komandanı tribunalardan cəmi 1500 azarkeş dəstəkləyə bilir. 
Son Çernoqoriya çempionatında keçirdiyi 33 oyunda "Mladost" 57 xal toplayıb. Maraqlıdı ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Rudar"la keçirdiyi ilk dövrədəki hər iki qarşılaşmada "Mladost" qolsuz bərabərliyə imza atıb. Son – üçüncü dövrədə isə sevinən tərəf "Rudar" olub – 3:1. Daha bir dəqqətçəkən məqam "Mladost"un "Neftçi"yə bənzəməsidi. "Ağ-qaralar"ın Topaz Premyer Liqasının son dövrəsində yaşadığı uğursuzluqlarla parallel apardıqda, Podqoritsa təmsilçisinin də son dövrədə cəmi 3 qələbəyə sevindiyini vurğulamalıyıq.
Shares: