"İnter"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Laçi" klubu eyniadlı şəhəri təmsil edir. Futbolinfo.az xəbər verir ki, 1960-ci ildə yaranan klub Avropa Liqasına vəsiqəni Kubokun sahibi kimi əldə edib.
Ölkə çempionatını 5-ci pillədə başa vuran komanda finalda gümüş müfatçı "Kukesi" üzərində 2:1 hesablı qələbə qazanaraq, "Avropa qapıları"nı açıb. Ümumiyyətlə, "Laçi" Albaniyada "Kubok komandası" kimi tanınır. Ölkə çempionatında ən yaxşı nəticəsini 2013-2014 mövsümündə əldə edən (bürünc medal) Laçi təmsilçisi, tarixində 4-cü dəfə Avropa Liqasına vəsiqəni ölkə Kubokunu 2-ci dəfə başı üzərinə qaldıraraq, əldə edib.
1991-ci ilə qədər "İndustrial Lak" adlanan komanda son 24 ildə müasir adını daşıyır. 2009-cu ilə qədər Albaniya çempionatının 2-ci dəstəsində çıxış edən "Laçi" son 6 mövsümü elitada keçirir.
"Laçi" ev oyunlarını 11 minlik "Stadiumi Laçi"də keçirir.