Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi”yə o qədər də güclü rəqib düşməyib. Amma bakılılar elə vəziyyətdədi ki, istənilən komanda üçün arzuolunan rəqibə çevrilib. 
Bununla belə, hamı paytaxt klubundan ən azı 1 mərhələ keçməyi gözləyir. Vaxtı ilə “Neftçi”nin baş məşqçisi olmuş AFFA Məşqçilər Komitəsinin sədri və İcariyyə Komitəsinin üzvü Vaqif Sadıqov da eyni düşüncədədi:
“Hesab edirəm ki, “Neftçi” üçün ilk matçı səfərdə oynamaq daha yaxşı olardı. Ona görə ki, komanda yeni formalaşır. Azarkeş dəstəyi olduğu halda ola bilər ki, komanda özünü yaxşı tərəfdən göstərə bilmədi. Ancaq komanda ilk qarşılaşmada səfərdən müsbət nəticə ilə geri qayıtsa, burada azarkeş dəstəyi altında rəqibi məğlub edib, mərhələni keçmək mümkündü.
 “İnter” isə fikrimcə, rəqibindən heç də zəif deyil. Hətta deyərdim ki, üstündü. Məncə, komandamız ilk oyunu evdə keçirib, səfərdə də uğurlu çıxış edə bilər. Fikrimcə, “Neftçi” və “İnter” bu mərhələni keçmək üçün çox güc tələb edəcək. Çünki hər iki komanda yenidən qurulur. Yenə də mən belə düşünürəm ki, “Qəbələ”, “Neftçi” və “İnter” ilk mərhələni keçməlidi. Baxmayaraq ki, Çernoqoriya bizə tanış rəqibdi və heç də zəif deyillər. Bu gün Avropada vəziyyət elədi ki, asan rəqib yoxdu. Hər bir oyunda güc qoyub, nəticə əldə etmək lazımdı. İndiki vəziyyətdə “Neftçi” və “İnter” qat-qat artıq güc sərf edib, müsbət nəticə əldə etməlidi. Ən vacib şərtlərdən biri də komanda daxilində inam olmasıdı. Çünki inam olacaqsa, müsbət nəticə əldə etmək mümkündü. Biz bu gün bütün Çernoqoriya və Albaniya klublarından üstün olmalıyıq. Baş məşqçi Samir Əliyev bütün futbolçuların üstün keyfiyyətlərini nəzərə alıb, bundan istifadə etməlidi.  Biz rəqibin kim olmağını da, “Neftçi”nin hazırkı durumunu da yaxşı başa düşürük. Hər iki matçda etibarlı oyun sərgiləmək vacibdi. Həmçinin heç bir rəqibin adından çəkinməməliyik. O ki, qaldı rəqibə qarşı hansı oyun tərzindən istifadə etməyinə, hər bir komandanın öz dəsti-xətti var. Hər bir mövqedə gərək komanda etibarlı olsun. Bu o demək deyil ki, biz qapanıb müdafiəni fikirləşməliyik. Hər iki qarşılaşmada müsbət nəticə əldə etmək üçün biz bu matçlarda etibarlı oyun sərgiləməliyik”.
Shares: