Ötən mövsüm avrokuboklarda uğursuz debüt edən "Qəbələ"yə bu dəfə ümidlər daha böyükdü. Baxmayaraq ki, rəqib tarixin yaddaşına köçmüş Kuboklar Kubokunun qalibi, SSRİ çempionatının qızıl medalları və Kubokuna sahib olan, zəngin tarixlə öyünən Tiflis "Dinamo"sudu. Futbolinfo.az xəbər verir ki, Gürcüstan futbolunun flaqmanı SSRİ dönəmində 20 dəfə medalçılar sırasına düşən "Dinamo"nun "soykökü" 1925-ci ilə təsadüf edir. Komanda tarixində ilk oyununu 1926-cı ilin yanvarın 6-da Bakıdan olan adaşlarına qarşı keçirib. Həmin oyunda sevinən tərəf Bakı "Dinamo"su olub – 1:0.
SSRİ dönəmində müxtəlif əyarlı medallara sahib olan Tiflis təmsilçisi 1964-cü ildə ilk çempionluğunu qazanır. "Dinamo" ilk avrokubok matçını 1972-ci ildə keçirib. Hollandiya "Tvente"si ilə qarşılaşan gürcülər 3:2 hesablı qələbə qazanıblar. 1981-ci ildə isə "mavi-ağlar" Kukoblar Kubokunu Gürcüstana aparıb. Həlledici görüşdə ADR "Karl Tseys"ini 2:1 məğlub edən qonşularımız fəxri mükafatı ikinci dəfə SSRİ adına qazandırıb.
"Dinamo" ev oyunlarını 1936-cı ildə inşa edilən eyniadlı stadionda keçirir. Sonuncu dəfə 2006-cı ildə yenidınqurma işləri aparılan Boris Payçadze adına stadion 55 min tamaşaçı qəbul edir.
Son Gürcüstan çempionatının bürünc mükafatçısı, 2-ci pillənin sahibi Batumi "Dinamo"su ilə eyni – 58 xal toplasa da, şəxsi görüşlərdəki nəticəyə görə, adaşlarını özlərindən qabağa buraxmalı olub. "Dinamo"çular Gürcüstan çempionatının ən məhsuldar komandası olublar. Keçirdikləri 30 oyunda rəqib qapılarına 56 qol vuran tiflislilər, bu göstəricidə ən yaxın izləyiciləri – çempionluğu bayram edən "Dila"nı 6 top qabaqlayıblar.
Qeyd edək ki, 2014/2015 mövsümündə "Dinamo" titulsuz qalmayıb. Ölkə kubokunun finalında "Samtredia"nı 5 cavabsız qolla məğlub edən paytaxt təmsilçisi Gürcüstan fəxri mükafata yiyələnib.
Shares: