Tiflis “Dinamo”su ilə vacib avrokubok matçına çıxacaq “Qəbələ” Gürcüstanda dəstəksiz qalmayacaq. Klub rəhbərliyi azarkeşlər üçün xüsusi avtobus ayırıb.
Amma təmsilçimizə dəstək verənlər təkcə ayrılmış avtobus vasitəsi ilə səfərə çıxan rəsmi fan-klub üzvləri olmayacaq. Kluba fərdi qaydada müraciət edən, Tiflisə öz hesabına gedəcək xeyli futbolsevər var ki, onlar da biletlə təmin olunub. Ümumilikdə 100 biletli azarkeş ilk Avropa Liqası matçında tribunadan “Qəbələ”ni dəstəkləyəcək.
"Qəbələ"nin marketinq üzrə meneceri Səməd Nəsibovdan aldığımız məlumata görə, Gürcüstan tərəfi əvvəlcə bizimkilər üçün 200 bilet ayırıb. Amma “Qəbələ” qonşu ölkədə yaşayan həmyerlilərimizin də təmsilçimizi dəstəkləyəcəyini nəzərə alaraq gürcülərə bu gün yenidən müraciət edib. Nəticədə Tiflis stadionunda bizimkilər üçün 500 yer ayrılıb, ehtiyac olacağı halda əlavə bilet verilə biləcəyi də vəd edilib.
“Qəbələ” cavab oyunu üçün də hazırlıqları yaddan çıxarmır. Şəhərdə afişalar vurulması nəzərdə tutulur, bundan başqa stadiona gələcək azarkeşlər üçün 3000 bayraq sifariş edilib. Cavab matçında təmsilçimizi Azərbaycan bayrağı ilə “silahlanmış” azarkeşlər dəstəkləyəcək.