Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununu “Laçi”yə qarşı səfərdə keçirəcək “İnter”in prezidenti Georgi Nikolov Albaniyaya getməyəcək. Bu barədə məlumatı futbolinfo.az saytına bolqarıstanlı funksionerin özü verib.
55 yaşlı prezident səfərə çıxmamasının səbəbini Bakıdakı işləri ilə əlaqələndirib: “Burda görüləsi xeyli işlər var. Əsas odur ki, komanda Azərbaycana uğurlu nəticəylə qayıtsın”.
Nikolov komandadakı maliyyə durumu ilə bağlı heç bir irəliləyişin olmadığını dilə gətirdi: “Birtəhər Albaniya səfərinin xərclərini qarşılamağa vəsait tapa bildik. Ancaq durumumuz yenə də acınacaqlıdı. Vəziyyətin yaxşılaşacağına ümid edirik, ancaq real durumumuz ürəkaçan deyil”.
Bəs bu gedişlə “İnter”in çempionatdakı iştirakı sual altına düşmürmü? Klub prezidenti bu fikri yaxına belə buraxmadı: “Çempionatdan imtina etməyimiz mümksünsüzdü. Buna ixtiyarımız yoxdu. Mütləq iştirak etməliyik”.
Sonda Nikolov “Laçi” ilə görüşlər barədə də fikirlərini bölüşdü: “Hesab edirəm ki, mövcud durumumuza görə, pis vəziyyətdə deyilik. Qəbələdə keçirdiyimiz iki yoxlama oyunu komandamızın zəif olmadığını göstərdi. Hesab edirəm ki, “Qəbələ” hazırda Azərbaycan futbolunun brendidi. Əlbəttə, bu, bir yoxlama matçları idi. Ancaq bütün hallarda məşqçilər korpusu futbolçuarın durumundan razılıq edirlər. Bu da bizi avrokubokun ilk mərhəlsi öncəsi nikbin düşüncələrə vadar edir”.
Shares: