İyulun 2-də Avropa Liqası çərçivəsində baş tutacaq "Neftçi" – "Mladost" qarşılaşmasına təkcə futbolçular yox, elə azarkeşlər də hazırlaşır. Futbolinfo.az xəbər verir ki, artıq fəaliyyətini dayandırmış "Neftçimania" və "Azad azarkeş" qruplarından fərqli olaraq, "Forza Neftçi" ayaq üstə qalmağı bacarıb. Onlar çernoqoriyalılarla oyuna rəng qatmaq fikrindədilər.
Fan-klubun rəhbəri Sübhan Əliyevdən aldığımız məlumata görə, fanatlar bu qarşılaşmada vaxtilə gənclərin kumiri olmuş sabiq futbolçularını anmaq fikrindədilər. Əliyev, bu futbolçuların kimliyini sirr olaraq saxlasa da, yalnız birinin adını açıqladı. 
Ümumiyyətlə, fan-klub rəhbəri qarşılaşmaya hazırlıqları ilə bağlı bu sözləri dedi: "Bəli, bu oyuna hazırlıqlarımız davam edir. Sabah "Xalqlar dostluğu" metrosunun yaxınlığında yığışıb bilet almağa gedəcəyik. Bu qarşılaşmaya 5A sektorundan baxacağıq. Bannerlərimiz də hazırdı. İndi komandanın pis günüdü. Biz elə azarkeşlər deyilik ki, çətin gündə ondan üz döndərək. Yaxşı vaxtında komandanın yanında olmaya bilərik. Əsas odu ki, pis günündə ona dəstək olaq. Biz çətin günün fanatlarıyıq. Xüsusi hazırlıqarımıza gəlincə isə, biz bu oyunda karyerasını "Neftçi"də başa vurub, yaxşı xatirələrlə ayrılan futbolçulara aid bannerlər açacağıq. Ad çəkmək istəmirəm, sürpriz qalsın. Yalnız hazırda “Qarabağ”da məşqçi işləyən Zaur Tağızadənin adını deyə bilərəm. Ümumilikdə 7-8 banner açmaq fikrimiz var. Qarşılaşmaya minimum 500-600 nəfərlə gələcəyik. Amma ola bilər ki, 700 nəfərlə də gəldik”.
Fanatların Tağızadəyə belə diqqət göstərməsi səbəbsiz deyil. Vaxtilə "Qarabağ"a getdiyi üçün şəkli klub avtobusunun üzərindən silinən "qızıl oğlan"a bu jest bəlkə də, qeyri-rəsmi təklifdi. Tərəfdarlar yenilənən, gəncləşən "Neftçi"nin məşqçilər korpusunu da Samir Əliyev kimi, sabiq futbolçulardan ibarət görmək istəyir. 
Shares: