“Neftçi”nin baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi:
 
– Avstriya toplanışı necə qiymətləndirirsiniz?
– Gündə iki məşq keçirdik. Heyətimizin əsasını gənc futbolçular təşkil edir. Fiziki yükləmələrin öhdəsindən gəlməyi bacardılar. Taktiki-texniki hazırlıqlar üzərində də xeyli işlədik. Ümumilikdə, komandanın hazırlığı məni qane etdi.
– Ancaq toplanış çərçivəsində keçirdiyiniz 3 oyunda 1 qol belə vura bilmədiniz…
– Elədi ki, var. Əlbəttə, qol da vurmaq  istəyirdik, qalib gəlmək də. Ancaq bu nəticələrin obyektiv səbəbləri var. Toplanışda iştirak edən bütün futbolçuları yoxlamaq istəyirdik və bu üzdən də ilk 2 oyunda eksperimental heyətlə çıxış etdik. Aparıcı üzvlərimiz hər oyunda 45-60 dəqiqə oynamaq şansı qazanırdı. Yalnız Ukrayna “Şaxtyor”u ilə qarşılaşmada əsas heyət üzvlərimizə 90 dəqiqə oynamaq şansı verdim. İlk oyunda Məhəmməd Qurbanov sıralarımızda yox idi. Bu üzdən məcburiyyətdən Mirabdulla Abbasovun xidmətindən istifadə etdik. İkinci görüşdə Məhəmməd oynasa da, bacardığını tam ortaya qoya bilmədi. 
– Qol vurmamağınız Avrokubok öncəsi sizi narahat etmir?
– Xeyr, yoxlama görüşləri heyəti formalaşdırmaq, mənfi məqamları aradan qaldırmaq baxımından lazımdı. Avropa Liqası iştirakçıları arasında “Neftçi” ən gənc heyətə sahib komandalardan biridi. 
– “Mladost”la ilk oyunu evdə keçirəcəksiniz. Maraqlıdı, “Neftçi” ilk dəqiqələrdən hücuma atılacaq, yoxsa təmkinli davranıb, tədricən mərkəzə sahib olaraq, rəqibi mərhələli şəkildə qapısına sıxışdırmağa çalışacaqsınız?
– Bunu indi açıqlamaq istəmirəm. Hər şeyi oyunda görəcəksiniz. Bircə onu deyə bilərəm ki, yeni sxem üzrə oynayacağıq: 4-3-3. Əsas gücü gənclərə verəcəyik. Adların heç bir əhəmiyyəti olmayacaq. Məsələn, Flavinyoya bir oyunda şans verdim. Ancaq uzun müddət zədəli olan braziliyalı əvvəlki günlərindən çox uzaqdı. Üzərində çalışmalıdı. Əsas heyətə düşməyə kim layiqdirsə, oyun günü kim daha hazırlıqlıdırsa, meydana da həmin oyunçu çıxacaq. 
– İlk oyunda sizi hansı nəticə qane edər?
– Bakıdakı görüşdə qol buraxmadan qalib gəlmək istəyirik. Ancaq avrokubok mərhələlərinin nəticəsi iki oyuna görə müəyyənləşir. Bizim də başlıca məqsədimiz 180 dəqiqənin tamamında sevinən tərəf olmaqdı.
CEYHUN ƏLİYEV
Shares: