"Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında evdə “Mladost”u (Çernoqoriya) qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün görüşün baş tutacağı "Bakcell Arena"da həmin oyun üçün mətbuat konfransı keçirilib.
Jurnalistlərin suallarını cavablandıran Bakı klubunun baş məşqçisi Samir Əliyev sabah keçiriləcək oyunla bağlı bu sözləri deyib:
“Komandadan on futbolçu ayrılıb. Strategiyanı dəyişib gənclərə üstünlük veririk. Ayın 18-də məşqlərə başlayıb 3 yoxlama görüşü keçirdik. Hamını yoxlayıb güclü və zəif cəhətlərini gördük. Komandamızda bütün futbolçular gəncdi”.
Əliyev sabahkı oyuna çıxaracağı start heyəti müəyyən etdiyini də deyib: “Fikrimcə, heç bir problem olmayacaq. Oyunu təhlil etmişik, rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Mövsüm ərzində sistem dəyişməyəcək. Futbolçularda irəliləyiş var. Start heyətini müəyyən etmişəm. Səbrli olun, sabah mübariz komanda görəcəksiniz. Bu cavan futbolçuların gənc məşqçiylə nəyə qadir olduğunu görəcəksiniz. "Mançester Yunayted" kimi komandada Luis van Qal 1 ildi ki, heç nə edə bilmir. Biz də bu tezliklə heç nə edə bilmərik”.