Bu gün "Qəbələ" avrokubok tarixində ilk xal(lar)ını qazana bilər. Tiflsidə yerli "Dİnamo" ilə görüş klub tarixində özünəməxsus yer tuta bilər. Komanda üzvlərinin oyunöncəsi mətbuatdan aralı qalması təbiidi. Qarşılaşmaya saatlar qalıb. Ancaq dünənki mətbuat konfransı və izlədiyim 15 dəqiqəlik məşqdən bəzi qənaətlərə gəlmişəm ki, bunu da oxucularla bölüşməyi özümə borc bilirəm.
Roman Qriqorçuk kifayət qədər təcrübəli mütəxəssis olsa da, həyəcanını gizlədə bilmədi. Onun bəzi suallara həmişəkindən daha əsəbi reaksiya göstərməsi bu cür qənaətə gəlməyə əsas verir. Ancaq bir önəmli məqamı vurğulamaq istəyirəm. Yazı müəllifinin "ikinci nömrəylə oynamağı planlaşdırırsınız? Səfərdə qolsuz bərabərlik sizi qane edəcəkmi?", sualına Qriqorçuk emosional cavab versə də, istədiyimi ala bildim. Onun "Yox, bizi 5:0 hesablı qələbə qane edər", cavabının futbolçulara oyunöncəsi motivasiya olacağına zərrə qədər şübhəm yoxdu. Sərkərdə ordusuna inanmırsa, əsgərlərdə döyüş öncəsi məğlub əhval-ruhiyyəsi hökm sürəcək. Ancaq səsləndikdən cəmi bir neçə dəqiqə sonra əksər saytların yazılarının başlığının məhz bu cür bəzənməsi psixoloji baxımdan olduqca vacib faktor rolunu oynadı.
Əlbəttə, Qriqorçuk da, futbolçular da, mətbuat da, azarkeşlər də gözəl anlayırlar ki, 5:0 utopik bir gözləntidi. Lakin bunun arxasında 1:0, 2:1, 3:2 hesablı qələbənin təməli dayanır. Qarşılaşmaya saatlar qalmış bir proqnoz verim: oyunda diqtə edən tərəf "Qəbələ" olacaq. Əlbəttə ki, böyük ölçüdə. Aydın məsələdi ki, meydan sahibləri ilk dəqiqələrdə azarkeşlərinin dəstəyi sayəsində irəli atılacaqlar. Təbii ki, görüşün müxtəlif kəsiklərində də "Qəbələ" müdafiəyə çəkilməli olacaq. Ancaq inadımda qalıram: start həmlələrindən sonra, həmyerlilərimiz mərkəzdə ağalıq edə biləcəklər.
Aleksey Qay, Cavid Hüseynov, Dodo, Sergey Zenyov bu görüşdə mərkəzə nəzarət baxımından ağırlıqlarını qoymalıdırlar. Məhz bu kvartet 55 minlik Boris Payçadze stadionunun susdurulmasında əsas söz sahibləri olmalıdırlar. Çünki hər biri oyunu üzərinə götürüb, liderlik xüsusiyyətlərini nümayiş etdirməyi bacaran fiqurlardı. Doğrudu, Zenyov komandaya yenicə gəlib. Ancaq "İnter"ə qarşı yoxlama görüşünü izlədikdən sonra bu transferin uğurlu seçim olması qənaətinə gəldim. Bəstəboy estoniyalının "texnar" olduğunu ötən yazıların birində də qeyd etmişdim. Ancaq indi mizana yoxlama görüşündə özünü göstərmək yox, taleyüklü qarşılaşmaya ağırlıq qoymaq zamanıdı.
Aleksey Qayın meydanı görmək qabiliyyətinə isə söz ola bilməz. İstənilən an onun uzun və hiyləgər ötürməsindən sonra rəqib müdafiəsi "ofsayd"da qala bilər. Cavid Hüseynovun sürəti və universallığı da gürcülərə başağrısı olacaq. Dodo isə qol duyumu və fərdi ustalığı ilə adından söz etdirib.
Göründüyü kimi, "Qəbələ"yə inanmaq üçün kifayət qədər əsas var. 5:0-a ehtiyac yoxdu, ovuc içi qədər xoşbəxtlik yetər.
CEYHUN ƏLİYEV, Tiflis