Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) 7 yaşı tamam olur. 2008-ci ildən ölkə futbolunda, daxili çempionatların təşkilində böyük rol oynayan qurum növbəti ad gününü keçirir.
7 ildi daxili yarışların təşkilində ciddi irəliləyişə nail olan qurum Topaz Premyer Liqası, I divizion və Azərbaycan kubokunda səviyyə artımına nail olub. Xüsusilə elitada oyunlar indi daha şəffaf, daha intriqalı, daha ədalətlidi. Maddi problemlər üzündən divizion klublarının istənilən səviyyədə olmaması bu yarışın imicinə təsir etsə də, hər halda, PFL imkan daxilində burada da kütləviliyə nail olub. Ölkə kubokunda, məhz PFL-in yaranmasından sonra həyata qayıdan əvəzedicilərin yarışında da yüksəlişdən danışa bilərik.
Bir çox yeniliklər edən, bir sıra layihələr reallaşdıran Peşəkar Futbol Liqasının rəsmi internet saytının yaradılması və problemsiz fəaliyyəti jurnalistlərin işini xeyli asanlaşdırıb. Əyalətlərdəki çempionat matçlarına gedə bilməyən qələm əhlinin mütəmadi səfərlərini təşkil etməsi də qurumun alqışalayiq aksiyalarındandı.
PFL-in yaranmasından sonra çempionatın səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi klubların nəticələrində də əksini tapıb. Təsadüfi deyil ki, həmişə ilkin təsnifat mərhələlərində ilişdiyimiz avrokuboklarda uğurlu nəticələr məhz son illərə təsadüf edir. Məhz çempionatın səviyyəsinin yüksəlməsi səbəbindən “Neftçi”, daha sonra “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksələ bildi.
Həm UEFA, həm də İFFHS reytinqində Azərbaycan son sıralardan qurtulub və ildən-ilə daha yüksək mövqelərə qalxır. 7 il əvvəl UEFA reytinqində 42-ci olan ölkəmiz bu müddətdə 14 pillə irəliləyərək, 28-ci yerə qalxıb.
Ramin Musayevin başçılıq etdiyi qurumu 8 yaşında daha ciddi sınaqlar gözləyir. Klubların maddi durumunun pisləşməsi yəqin ki, çempionatın səviyyəsinə təsir göstərəcək. Amma PFL-in bu imtahandan da üzüağ çıxması gözlənilir. İşlək, fədakar insanların toplaşdığı, mobil komanda təsiri bağışlayan Peşəkar Futbol Liqası öz üzərinə düşəni etməklə çempionatın reytinqini, imicini qorumağa davam edəcək.
Shares: