Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" bu gün Çernoqoriyanın "Mladost" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, dünən hər iki komandanın oyunöncəsi mətbuat konfransı nəzərdə tutulsa da bu jurnalistlər qarşısına ancaq Bakı klubunun baş məşqçisi çıxa bildi.
Belə ki, çernoqoriyalılar dünən 20:30-da keçirilməli olan tədbirdə iştirak edə bilməyib. Rəqib komanda stadiona 1 saat gec gəldiyindən məşqçilər konfransa qatılmadı, futbolçular məşqə gecikdi. Ona görə də komanda stadiona çatar-çatmaz birbaşa məşqə yollanıb. 
Sonradan bu gecikmənin də səbəbi məlum olub. Belə ki, “qırmızı-ağlar”ı Bakıda maşınla müşaiyət edən polislərin “Bakcell Arena”nın yolunu tanımaması rəqib komandanı 1 saat yubadıb. Hətta avtobus stadiona daxil olduqdan sonra rəqib futbolçulardan birinin bu biabırçılığa görə polisə tüpürdüyü də deyilir. 
Hadisə ilə bağlı “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə zəng etdik. Klub rəsmisi bu olayda “Neftçi” tərəfinin heç bir məsuliyyət daşımadığını bildirdi: “Baş verən hadisədə məsuliyyəti biz daşımırıq. Ümumiyyətlə, bu cür oyunlarda təşkilatçılıq 2 cür olur: 1-ci: qarşılıqlı şəkildə meydan sahibləri qonaq komandanın nəqliyyat və otel məsələlərini həll edir. 2-ci: meydan sahibləri yalnız oyunun təşkil olunması ilə bağlı məsuliyyət daşıyır və rəqib komandanın heç bir işinə qarışmır. Eləcə də səfər matçında belə olur. Bizim də “Mladost”la anlaşmamızda 2-ci şərtlər razılaşdırılmışdı. Onlar otel və nəqliyyat problemlərini özləri həll etməli idi. 1 həftə sonra baş tutacaq cavab qarşılaşmasında da biz Çernoqoriyada otel və nəqliyyat məsələlərimizi özümüz həll edəcəyik. Baş verənlərə görə, bizə UEFA-dan hər hansı sanksiya və cəza gəlməyəcək”.
Qeyd edək ki, “Neftçi” – “Mladost” qarşılaşması bu gün saat 21:00-da “Bakcell Arena”da start götürəcək.
Shares: