Bir neçə saatdan sonra Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü başlayacaq. Özümüz “Bakcell Arena”da, gözümüz canlı yayımlanacaq “Dinamo” – “Qəbələ” matçında, qulağımız Albaniyada olacaq.
Bəlkə də, bu matçlar ölkə futboluna münasibəti dəyişəcək, “yuxarılar”ın baxışını tənzimləyəcək. Ağır maliyyə durumunda yardıma möhtac klublarımız dövlət qayğısını hiss etmək üçün mütləq yaxşı nəticə göstərməyə, azarkeşləri sevindirməyə borcludu. Neçə illərdi “Qarabağ”ın daşıdığı yükün altına çiyin qoymaq üçün indi digər klublarımızın da imkanı var.
***
Pessimist olmaq istəmirəm, amma “Neftçi”yə ümidim çox azdı. “Mladost” Azərbaycan çempionatında mükafatlar uğrunda mübarizə aparmağa layiq komanda olmasa da, onun qarşısına çıxan “Neftçi”yə də ümid azdı. Dağıdılan, amma tam olaraq yığılmayan paytaxt klubu indi taleyin ümidinə buraxılmış kollektivə bənzəyir. Nə düz-əməlli bir transfer edilib, nə istənilən səviyyədə hazırlıq keçilib. Qol vurmadan məğlubiyyətlərin sıralandığı qısa təlim-məşq toplanışından sonra ölkə kubokunun finalçısı avrokubokda mərhələ keçməlidi.
Ola bilər ki, “Neftçi” bu zəif rəqibini mübarizədən kənarlaşdıracaq. Çünki hətta indiki heyətlə də belə komandanı yenmək bakılıların boynunun borcudu. Amma daha sonrasında təmsilçimizi heç də parlaq günlər gözləmir. Ona görə də əsəblərinizi şoka hazır edin: “Neftçi” elə bir strategiya seçib ki, son dəyişikliklərdən sonra bu komanda Azərbaycan futboluna töhfə vermək üçün deyil, şəxsi mənafelərin ön plana çıxarılması üçün formalaşdırılır. Cavan məşqçi, I divizionda yarışmaq gücündə kollektiv – reallıq budur. 
“Neftçi” bu gün elə səviyyəyə gətirilib ki, hətta daim öyündüyümüz qonaqpərvərliyi də bacarmır. Dünən “Mladost”un Bakı küçələrində dolandırılması, məşqə gecikdirilməsi də buna əyani sübutdu. Bəlkə də, çoxbilmiş “Neftçi” rəsmiləri psixoloji təzyiqə hesablanan bu hadisəni bu gün peşə bayramını keçirən bir polisin səhlənkarlığına bağlayacaq, amma istənilən halda, bu, qeyri-peşəkarlıqdan başqa bir şey deyil.
***
“İnter” az qala hamının yadından çıxmış komandadı. Ancaq nədənsə ürəyimdə “könüllülərin yığması”na qəribə inam var. “Laçi” keçilməz rəqib deyil, sadəcə, “bankirlər”in məlum durumu üzündən bu komandaya güvənmək olmur. Bir nəfərin iradəsindən, maddi durumundan asılı olduğu üçün indi dilənçi kökünə düşmüş komanda maaşsız oynamağa razılaşmış bəzi futbolçuların sayəsində sürpriz etməlidi.
Bu matç, eləcə də cavab görüşü “İnter”in özünüsübut şansıdı. İndiyədək milyonlar xərclənən komanda heç vaxt Avropada üzümüzü ağ etməyib. Bəlkə indi, dağılmaq ərəfəsində qapını möhkəm çırpmaq oldu. Uğurlu nəticə həm də “İnter”in sabahını xilas etmək üçün önəmli olacaq. Hətta ac vaxtında da gürcülərin olan, heç vaxt azərbaycanlıya etibar edilməyən bu komanda zəif “Laçi”ni birtəhər keşə bilər, amma heç vaxt “Qarabağ” kimi “könüllərin komandası” olmayacaq.
***
Cari avrokubok mövsümündə “Qarabağ”dan sonra ən çox güvəndiyimiz “Qəbələ”nin işi daha çətindi. Düzdü, imkanına, çəraitinə görə Tiflis “Dinamo”su təmsilçimizin yanında belə dayana bilməz. Amma avrokubok təcrübəsi, futbol ənənələri rəqibi autsayder statusundan çıxarır.
İstəniln halda, rəqibin gücünü şişirtməməliyik. “Qəbələ” bu rəqibi də keçmyəcəksə, daha nəyə lazımdı? Neçə illərdi komanda quruculuğu davam edir, artıq məhsul yığmaq vaxtıdı. Əla heyət, savadlı baş məşqçi, rəhbərliyin qayğısı, uyğun rəqib – qalır uğurlu nəticə…
FƏRİD
Shares: