Bu gün klublarımız Avropa Liqasında mübarizəyə qoşulur. “Neftçi”, “İnter” və “Qəbələ” məsul yarışda ölkəmizi təmsil edəcək. Maraqlıdı, görəsən, idman mətbuatımızda çalışanlar necə düşünür: Hansı komandamız bizi bu gün daha yaxşı təmsil edəcək?
Futbolinfo.az bununla bağlı sorğu keçirdi.
Mahir Rüstəmli (“Futbol+” qəzeti): “Klubların üçündən də uğur gözləyirəm. Hər nə qədər yenidənqurmaya məruz qalsalar da, kadr dəyişiklikləri yaşasalar da, məncə, "Neftçi" "Mladost"dan, "Qəbələ" "Dinamo"dan, "İnter" isə "Laçi"dən güclüdü. Daha çox "Neftçi"yə görə narahatlıq keçirirəm. Dolu tribunalar, çox güman, bakılılara əlavə qol-qanad verəcək. "Qəbələ"yə Qriqorçukun bacarığına, "İnter"ə isə normal heyət yığdığına görə bel bağlayıram”.
Elçin Cəlilov (futbolpress.az): “Builki püşkün nәticәlәri yaxşı oldu. Ötən vә o biri il olsaydı, rәqiblәri daha rahat keçmәk olardı. Ancaq yenә dә keçmәk olar. Keçmәlidilәr! Әsl güc indi bilinәcәk. Hazırda ya vәlvәlәdәn, ya zәlzәlәdәn – klub büdcәlәri xeyli azalıb. Pulun yox, beynin hesabına iş görmәk lazım gәlәcәk. Görәk hansı…”
Amal Abuşov: “Bu gün meydana çıxacaq komandaların üçünün də vəziyyəti çox çətin olacaq. "Qəbələ" bir addım öndədi və iki oyunun nəticəsinə görə mərhələni adlaya bilər. Çünki Roman Qriqorçuk istədiyi komandanı formalaşdırıb, futbolçularına bələddi. Heyət üzvlərində ruh yüksəkliyi var. Rəqib də elə güclü sayılmır. Digər iki klubumuzun şansı möcüzəyə bağlıdı”.
Rəşad Ergün (komanda.az): “Əslində, Avropa Liqasında çıxış edən hər üç klubumuzun şansları yüksəkdi. Düzdü, "Neftçi" və "İnter" xeyli zəifləyib, aparıcı futbolçularını itirib. Amma axı, onların rəqibləri də ciddi komandalar deyil. Bu cür rəqiblərdən daha asan rəqib kimi, yəqin "Bakılı"nı arzulamaq olar. "Qəbələ" "Neftçi" və "İnter"lə müqayisədə güclənib, çoxlu transferlər edib. Ancaq yeni transferlər komandaya uyğunlaşa bilibmi? İstənilən halda, "Qəbələ" "Dinamo"nu keçməlidi. Keçə bilməsə, yeni transferlərə xərclənən pullar havaya sovrulmuş sayılacaq. Bir sözlə, hər üç komandanın şanslarının yüksək olduğunu düşünürəm”.
İxtiyar Əsgərov (apasport.az): “Yay fasiləsi hər üç komandanın heyətində ciddi dəyişikliklərə səbəb olub. Nəticədə bir çox futbolçular yeni klubundakı ilk rəsmi matçı Avropa Liqasında keçirəcək. Bunu isə heç də müsbət hal kimi dəyərləndirmək olmaz. Belə vəziyyətdə “Qəbələ”dən daha çox şey gözləməyə dəyər. Çünki paytaxt təmsilçilərindən fərqli əyalət klubu daha təcrübəli futbolçuları heyətinə qatıb. “Neftçi” və “İnter”də isə gedənləri əsasən gənclərlə əvəzləyib. Üstəlik, hər iki komanda baş məşqçisini də dəyişib. Lakin rəqib amilini də unutmaq olmaz. Hər üç klubumuzun rəqibi onların “dişinə görədi”. 2-3 ay əvvəlki vəziyyətdə komandalarımızın üçü də indiki rəqibini keçə bilərdi. Elə indi də “Qəbələ” kimi digər təmsilçilərimiz də o qədər asan olmayan vəzifənin öhdəsindən gəlib, son illərdə qazanılan reytinq və nüfuzun itməməsinə töhfə verməlidi”.
ELMAR ABDULLA-ZADƏ
Shares: