2 iyul Beynəlxalq İdman Jurnalistləri Günüdü. Amma günü stadionlarda keçən, qarşılığında xoş güzərana həsrət olan həmkarlrımız təmsil etdiyi KİV kimi elə də yaxşı günlərini yaşamır. Diqqətdən kənar qalan media orqanlarının əksəriyyəti hazırda yaşamaq uğrunda mübarizə aparır.
Öz bayram günündə belə iş başında olan jurnalistlərə futbol qurumları və klublar da biganə yanaşır. AFFA və PFL rəsmi saytı vasitəsi ilə qələm əhlini yada salsa da, klublar bu baxımdan laqeyidliyi ilə yadda qaldı. Yalnız “Sumqayıt” klubu öz rəsmi saytında jurnalistləri yada salıb, uğurlar arzu etdi.
Bəs, bu biganəliyin səbəbi nədi? Futbolinfo.az bu sualın cavabını elə idman jurnalistlərindən almaq istədi.
Elçin Cəlilov (futbolpress.az): “Beynәlxalq idman jurnalistlәri günü ilə əlaqədar xeyli tәbrik almışam. Hәtta qonum-qonşuda tanıyan da, "Heey, tәbrik elәyirәm, günüvüzdü, haha!" deyәnlәr olub. Bizim beynәlxalq idman jurnalistikasına dәxlimiz varmı… Hansı beynәlxalq әhәmiyyәtli yarışa öz hesabımıza gedә bilәrik? Hansı beynәlxalq müsabiqәlәrә, tәlimlәrә qoşulanımız olub? Bu günü Sevgililәr gününә oxşadıram – günün özü qeyd olunur, ancaq mahiyyәti yoxdu. İdman jurnalistikasına biganәliyinsә bir sәbәbi var: hәrә bir sayt açıb, dәlәduzluqla mәşğuldu. Dәlәduza hörmәt etmirlər, onunla ya alver edirlәr, ya da satın alırlar”.
İxtiyar Əsgərov (apasport.az): “Təbii ki, təbriklər almışıq. Bu günün bizim üçün əlamətdar olduğunu bilənlər öz xoş sözlərini çatdırıb. Fikrimcə, dediyiniz etinasızlıq qabardılacaq səviyyədə deyil”.
Mahir Rüstəmli (“Futbol+” qəzeti): “Çoxlu virtual təbrik almışam. Təbrik edənlər də sağ olsun, etməyənlər də. Mən də ləyaqətli idman jurnalistlərinin hamısını bu gün münasibətiylə təbrik edirəm. O ki qaldı etinasızlığa… Bilirsiz, bütövlükdə jurnalistikada, eləcə də idman jurnalistikasında mizan-tərəzi elə itib ki, indi istənilən media qurumu ilk növbədə varlığını qorumaq haqda düşünür. İndiki idman jurnalistikası çoxrəngli, çoxqütblüdü. İki cümləni bir-birinə qoşan istənilən şəxs bu gün sayt rəhbəri, sabah da ya menecer, ya mətbuat xidmətini rəhbəri, ya da seleksiyaçı və ya məşqçi olur. Ona görə də şəxsən mən heç kimdən və heç nədən incimirəm. Əvvəlcə öz təsərrüfatımızda qayda-qanun yaratmaq,sonra isə başqalarından diqqət, sevgi ummaq lazımdı”.
Amal Abuşov: “Təbrik almışam, özüm də təbrik göndərimişəm. Bir daha sizinlə birlikdə bütün həmkarlarımı təbrik edirəm. Etinasız münasibətin isə səbəbləri çoxdu. Bayram günündə sadalayıb, qan qaraltmaq yaxşı deyil”.
Rəşad Ergün (komanda.az): “İdman jurnalistləri günü münasibətiylə təbrik edənlər olub. Sağ olsunlar. O ki qaldı idman mətbuatına etinasız münasibətə, səbəblər çoxdu. İdman mətbuatının bu günə kimi öz problemlərini həll etmək üçün hansısa bir təşkilat çərçivəsində birləşə bilməməsi, AFFA-nın idman mətbuatına qarşı yürütdüyü ikili siyasət, klubların idman mətbuatı ilə düzgün işləyə bilməməsi, mətbuatdan nələri tələb etməli olduqlarını bilməmələri… Amma bütün bunlar sadəcə, detallardı. Ən böyük problem ölkədəki ümumi vəziyyətdi. Məgər bizim ölkədə müəllimə, həkimə lazım olan hörmət qoyulur ki? Düzdü, siyasi mətbuatın durumu idman mediasına baxanda daha yaxşıdı. Amma niyə yaxşıdı, yəqin bunu hər kəs bilir”.
ELMAR ABDULLA-ZADƏ
Shares: