UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" evdə Çernoqoriya "Mladost"u ilə 2:2 bərabərə qalıb.
 
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən ev sahibi komandanın yarımmüdafəçisi Ruslan Qurbanov heç-heçəni belə şərh edib: 
“Yaxşı oynadıq. Sadə vəziyyətlərdən iki qol buraxdıq. Rəqib komanda təhlükə yarada bilmirdi. Komandamız isə son nöqtəni qoymaqda çətinlik çəkirdi. Hesabda irəli olduğumuz vaxt müdafiə olunmaq lazımdı amma, biz yenə də hücum edib qol vurmaq istəyirdik. Bunun nəticəsində də qapımızda qol gördük. Futboldu bu. Burada olmadı, səfərdə qalib gələrik. Biz buna inanırıq. Hazırlaşmaq üçün çox az vaxtımız vardı. Düzü oyunun sonuna yaxın yorulmuşduq. Biz bu komandanı keçə biləcəyik. “Mladost”u da keçə bilməsək, kimi keçəcəyik ki?. Özümüzə inanırıq. Deməzdim ki, rəqibi keçməsək biabırçılıqdı. Amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb növbəti mərhələyə vəsiqə qazanaq”.
 
Qurbanov səfərdə “Mladost”u məğlub etmək üçün hər şey edəcəklərini deyib: “Səfərdə rəqib top saxlamağa çalışacaq, amma biz qol vurmaq üçün oynayacağıq. Keçən mövsüm “Neftçi” evdə pis oynayıb, səfərdə qələbə qazanırdı. Cavan komandayıq. Bizə vaxt lazımdı. Baş məşqçimiz hamımıza oyunumuza görə təşəkkür etdi. Hamıya axıra kimi döyüşdüyü üçün sağolun dedi. Başınızı yuxarı qaldırın deyib, səfərdə qalib gələcəyimizə inandığını bildirdi. Çernoqoriyada rəqibi keçmək üçün hər şey edəcəyik”.
Shares: