Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən "Seltik" – "Qarabağ" matçının Azərbaycan Televiziyası ilə canlı yayımlanmaması şok effekti verdi. Təbii ki, bu, oyunu gözləyən çoxsaylı azarkeşlərə daha böyük zərbə idi. Çünki hazırda ölkənin futbol ictimaiyyəti “Qarabağ”la nəfəs alır, bütün uğurlu nəticələri məhz bu komandadan gözləyir.
Oyuna saatlar qalarkən qurumun saytında bu haqda məlumat yayılması biabırçılığın son həddi idi. Çünki AZTV heç bir məntiq olmadan və gülməli bəhanələrlə şotlandları günahkar çıxarmağa çalışırdı: "Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Seltik" – "Qarabağ" matçı Azərbaycan Televiziyası ilə canlı yayımlanmalı idi. Artıq bununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı. Ancaq yayım baş tutmaya bilər. Belə ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq "İdman Azərbaycan" kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə "Seltik" tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir. "İdman Azərbaycan" kanalı hal-hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdrir. Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər "Seltik" rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq AZTV-dən asılı olmayan səbəblər üzündən "Seltik" – "Qarabağ" matçı canlı göstərilməyəcək. Və bu yayımın baş tutmamasına görə, bütün məsuliyyət "Seltik" klubunun üzərinə düşür".
Futbolinfo.az əslində, nə baş verdiyini dəqiqləşdirmək üçün gün ərzində xeyli araşdırma apardı. Televiziyada, klublarda iş təcrübəsi olanlarla danışdıq, beynəlxalq praktikaya nəzər saldıq, eləcə də məhz yayımla bağlı danışıq aparan mütəxəssislərlə müzakirə apardıq. Bir sıra etibarlı mənbələrdən də səhih məlumatlar aldıqdan sonra aydınlaşdı ki, “Seltik”lə oyunun canlı yayımlanmamasının çox sadə səbəbi olub.
Avrokuboklarda təsnifat mərhələlərinin oyunlarının yayım hüququ klublarda olur. Yalnız pley-offda, eləcə də qrup mərhələsindən sonra Çempionlar Liqasının və Avropa Liqasının qarşılaşmaları Avropa Yayım İttifaqının “əlinə keçir”. Bu səbəbdən dünənki qarşılaşmanı yayımlamaq üçün Şotlandiya təmsilçisinin razılığını almaq lazim idi.
“Neftçi” və “Qəbələ” keçirdikləri oyunlar zamanı barter üsulundan istifadə edib. Belə ki, təmsilçilərimiz oyunlarını satmayıb, sadəcə, matçlar yayımlansın deyə AZTV-yə hədiyyə ediblər. Bakıda və Qəbələdəki oyunlarda dövlət telekanalı qarşılaşmaları çəkib rəqiblər üçün ötürüb, qarşılığında Çernoqoriya, Serbiya və Gürcüstandakı matçları eyni qayda ilə efirə gətirib. Necə deyərlər: Siqnal ötürüb, siqnal alıb.
“Qarabağ” da “Rudar”la oyunu hansısa qiymətə sata bilmədiyindən AZTV-yə hədiyyə edib. “İnter” isə əksinə, həm Albaniya, həm də İslandiya klubları ilə ev oyunlarında, bildiyimizə görə, kiçik məbləğdə irəli düşüb. Onlar barter qaydasına razılaşmayıb, ona görə də səfər matçlarının heç birinə baxa bilməmişik. Elə “Atletik”lə oyun da istisna deyil. “Bankirlər” İspaniyadakı görüşün göstərilməsinə cəhd etməyib, telekanallarımızdan da hansısa oyunu göstərmək üçün yayım hüququnu almaq gücündə deyil. İndi “İnter” rəhbərliyi Bakıdakı oyunu sanballı qiymətə satmağı düşünür. Bizdə olan məlumata görə, bizimkilər yarım milyon istəyir, İspaniya telekanallarından biri isə 350 min avro təklif edir.
“Qarabağ”ın “Seltik”lə oyununda da belə bir hal yaşanıb. Dəqiq informasiyaya görə, ağdamlılar britaniyalıların yaxşı təklifinə biganə qalmayıb və 70-100 min avro arasında bir rəqəmə Bakıdakı cavab matçının yayım hüququnu satıblar. Belədə barterə ümid edən AZTV çətin vəziyyətə düşüb. Çünki Şotlandiyadakı oyununun yayımına icazə almaq üçün müəyyən məbləğ ödəmək lazım olub. Klub bu yükün altına girmək istəməyib, dövlət telekanalı isə əlini cibinə salmaq istəməyib.
Bu məsələdə klubu qınamaq yersizdi. Həm “İnter”, həm də “Qarabağ” xərclədiyi pulların heç olmasa, müəyyən qismini geri qaytarmaq istəyir. Təbii ki, bunun üçün bilet satışı və teleyayım əsas vasitələrdi. Güclü klublarla, aparıcı ölkələrin təmsilçiləri ilə qarşılaşmaq bu baxımdan göydəndüşmə olur. Ona görə də komandalar avrokuboklarda irəli getmək istəyirlər ki, daha güclü komandalarla görüşüb pul qazansınlar. İndiki halda “İnter”lə “Qarabağ”ın etdiyi də peşəkarlıqdı və onlara kimsə irad tuta bilməz. Klublar qazancından niyə imtina etməlidi ki?..
Bu məsələdə gülüş doğuran AZTV-nin bəyanatıdı. Gic-gic səbəblər göstərməkdənsə, konkret olaraq, “pul vermək istəmirik” demək lazım idi. Görəsən, bu oyunun cavab matçı Şotlandiyada yayımlanmaya bilər? Mümkün deyil. Buna görə də Britaniya telekanalları artıq çoxdan yayım hüququnu alıblar və AZTV-yə də siqnalın ötürülməsi üçün müəyyən məbləğ ödəyəcəklər. “Qarabağ”ın AZTV-yə hörməti də o olacaq ki, Bakıdakı oyunun yayımı üçün onlardan pul almayacaqlar.
Bu məsələdə AZTV-yə “yüklənməyimizin” səbəbi var. Əslində, bütün telekanallardan eyni şeyi tələb edə bilərik, amma məlum maddi çətinlik üzündən hansısa özəl kanalın yaxasından yapışmaq olmur. Amma AZTV və onun əziz balası olan “İdman Azərbaycan” buna məcburdu. Çünki onlar dövlət büdcəsindən maliyyələşirlər və pulu gic-gic turnirlərə, öküz yarışlarından yayıma xərcləməkdənsə, məhz belə oyunlara yönəltməlidilər. Ölkə əhalisinin yarısından çoxu “Seltik” – “Qarabağ” oyunun gözlədiyi vaxt AZTV hansısa mənasız yarışı göstərir, ya da videoyazıyla zövqümüzü korlayırdı. Halbuki 30-40 min dollar xərcləyib bu oyunu göstərmək, hətta reklamla həmin pulu çıxarmaq da olardı. Gəl ki, bu telekanalın rəhbərliyi büdcəyə gələn pulu yeyib, havayı yayımlarla baş qatmaq niyyətindədi.
AZTV-nin yaydığı bəyanatla eyni vaxtda “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəlin sosial şəbəkədə status yazmasının özəl səbəbi var idi. Ağdam klubunun rəsmisi də bildirirdi ki, guya yayımın baş tutmamasında şotlandlar günahkardı. Halbuki, belə nağılla yalnız uşaqları aldatmaq olar. Əmrah bəy sadəcə, AZTV-nin məruz qalacağı təzyiqi bir qədər azaltmaq üçün bu jesti etmişdi.
FƏRİD
P.S.: AFFA-nın baş katibi Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev görəsən, hələ də Premyer Liqanın yayım hüququnu 1 milyon manata sata biləcəyinə inanır?