UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Apollon” (Kipr) – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis səfərdəki heç-heçəni belə şərh edib:
“Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi. “Apollon” yaxşı komandadı". 
Təcrübəli çalışdırıcı oyundakı hakimlikdən də danışdı: "Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdu. Əsas qərarın düzgün verilib-verilməməsidi. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.
Shares: