Ötən gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “İnter” səfərdə  Bilbao "Atletik"inə 0:2 hesabı ilə uduzub. 
"San Mames"dəki oyundan sonra Bakı klubunun baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb. Gürcüstanlı mütəxəssis rəqibin layiqli qələbə qazandığını deyib:
"Əlimizdən gələni etdik, lakin rəqib çox güclü idi və layiqli qələbə qazandı. Bu məğlubiyyətdən sonra mərhələ keçmək şansımız azdı. Lakin bunun üçün əlimizdən gələni edəcəyik. Bəzi futbolçularım ilk dəfə idi ki, belə stadionda oynayırdı. Düşünürəm ki, onlar özlərini yaxşı tərəfdən göstərdilər". 
Təcrübəli çalışdırıcı cavab matçı ilə bağlı bu sözləri deyib: "Cavab matçında tamamilə başqa ab-hava olacağını deyə bilərəm. Bakıda 40 dərəcə istidə və süni örtüklü meydanda oynamaq "Atletik"ə çətin olacaq".
Shares: