Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprdə baş tutan "Apollon" – "Qəbələ" matçında qalmaqal baş verib. Belə ki, 1:1 hesabı ilə başa çatan matçda bir qrup yerli azarkeş Azərbaycan bayrağını təhqir edib. Oyuna əlavə olunmuş dəqiqələrdə ukraynalı hakim Sergey Boykonun verdiyi penalti qərarından sonra isə yunanlar meydana yad əşyalar atmağa başlayıblar. Hətta bir neçə fanat meydançaya düşərək, futbolçularmıza və hakimlər briqadasına hücum çəkməyə də cəhd göstəriblər.
Baş verənlərdən sonra dünən stadionda matçı izləyən "Qəbələ"nin media və marketinq üzrə meneceri Səməd Nəsibov olanlara belə aydınlıq gətirdi:
"Matçın əvvələrində qapının araxasında Kiprin "Gate one" fan-klubu tərəfindən Azərbaycan bayrağı asıldı. Biz ilk olaraq, elə düşündük ki, yəqin onlar azərbaycanlı azarkeşlərdi. Sonra gördük ki, bayrağmızı yandırmağa cəhd göstərirlər. Bizim məsələyə müdaxiləmizdən sonra bayrağı yığışdırdılar. Amma bir neçə dəqiqə sonra bayraq cırılmış vəziyyətdə yenidən qapı qarxasında asıldı. Biz ikinci dəfə məsələyə müdaxilə edib, bayrağı yığışdırılana kimi davamlı şəkildə onu cırıb, təhqir etdilər. Son dəqiqələrdə penalti təyin olunduqdan sonra yerli azarkeşlər futbolçulara, hakimlər briqadasına və "sky box"da qola sevinən klub nümayəndələrmizə butulkalar atdılar, fotoqrafmıza tüpürdülər. Qalan hadisələri efirdə gördünüz. Soyunub-geyinmə otağına gedəndə bir gərginlik yaşandı. Bu hadisələrdən sonra mən fikir verdim ki, UEFA nümayəndəsi bəzi şeylərin şəklini, videosunu çəkirdi. Yəqin ki, hamısnı öz hesabatında qeyd edib".
Kiprdə ermənilərin çox olduğunu nəzərə alsaq, baş verənlər bədnam qonşularmızın da təxribatı ola bilər. Nəsibov bu məsələ haqda xəbərsiz olduğunu bildirib: "İğtişaş törədən azarkeşlərin erməni və ya kiprli olduğunu deyə bilmərəm. Amma 90 dəqiqə ərəzində Azərbaycan və Türkiyə əleyhinə təhqiredici şüarlar səsləndirirdilər".
Klub rəsmisinin fikrincə bu olanlardan sonra "Qəbələ"yə hər hansı cəza və ya sanksiyanın olacağı gözlənilmir: "Biz orada daş-qalaq olunduq, bayrağımız yandırıldı. Zərəçəkən qismindəyik deyə, bizə hər hansı bir cəza verilməsi gözlənilmir".
Səməd bəy Cavid Hüseynovun qoldan sonra etdiyi qeyri-etik jestə də münasibət bildirib: "Bu hərəkətə görə qaydalarda nə yazıldığını bilmirəm. Amma Cavidi qınamazdan əvvəl o cür atmosferdə, təzyiqin altında cəsarət edib, topa yaxınlaşır və soyuqqanlıqla qolu vurmaq böyük ürək istəyir. 90 dəqiqə ərzində təhqirlərə məruz qalıb, başına butulka atılıb, bayrağı cırılıb, onu da başa düşmək lazımdı. Olanlardan sonra mətbuatdan jest gözləyirdim: bu hadisəni qabardıb, Cavidi həvəsdən salmayalar. Düzdü, mən futbolçunun düz etdiyini demirəm, sadəcə, onu da başa düşmək lazımdı. Futbolda belə şeylər olur. Cəza alsa belə, məsələyə başqa tərəfdən də baxmaq lazımdı".
ELMAR ABDULLA-ZADƏ