Üçgünlük fasiləni başa vuran “Kəpəz” dünəndən etibarən məşqləri bərpa edib. “Ruslan-93” İdman Kompleksində məskunlaşan komanda hazırlıq prosesini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirir.
Dünən futbolinfo.az-ın əməkdaşı komandanın düşərgəsinə baş çəkib. Futbolçuları ilk turda “Neftçi” ilə oyuna hazırlayan baş məşqçi Şahin Diniyev 10 günlük Türkiyə toplanışından sonra start heyəti müəyyənləşdirməyə çalışır.
Komandada müqavilə məsələləri tam dəqiqləşməsə də, baxışa çağırılan əcnəbilər, eləcə də yerli oyunçular hazırlıqda tam qüvvəsi ilə çalışır. Yalnız Bəxtiyar Soltanov zədə üzündən ümumi qrupda deyil, fərdi hazırlaşmaqla kifayətlənir.
Dünənki axşam məşqini izləyənlər arasında bir sıra futbol adamları da var idi. Ən maraqlı qonaq kimi isə Şakir Qəribovu saymaq olar. Diniyevin köməkçi kimi “Kəpəz”ə aparmaq istədiyi, amma AFFA-nın Məşqçilər Komitəsi dağılmasın deyə buraxmadığı Şakir bəy deyəsən, dostuna dəstək üçün ADBTİA-nın stadionuna gəlmişdi.
Məşq bitəndən sonra komandanın öz avtobusu olmadığından futbolçular məskunlaşdıqları bazaya müxtəlif nəqliyyat vasitələri ilə yollandı. Legionerlər üçün isə sifarişlə işləyən mikroavtobus ayrılmışdı. Üzərində “Azərcell”in reklamı da olan nəqliyyat vasitəsi əcnəbiləri “Ruslan-93”ə apardı.