Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları arxada qaldı. Turnirdə təmsil olunan hər iki Azərbaycan klubu səfərdə mübarizə aparırdı. “İnter”in Bilbao səfəri haqda geniş fikir bildirməyə ehtiyac yoxdu. Amma müəyyən məqamlar var ki, bunlara diqqət yetirməyə, real dəyər verməyə zərurət duyulur.
Paytaxt təmsilçisi meydana çıxmadan məğlub olmuşdu. 11 nəfərlə müdafiə olunan bakılıların işi topu meydanın özlərinə aid hissəsindən kənarlaşdırmaqdan ibarət idi. Zalım oğlu top da bumeranq kimi, yenidən qayıdıb gəlirdi Səlahət Ağayevin qoruduğu qapının ağzına. Açığı, çoxdan idi təmsilçilərimizin ifasında bu cür rüsvayçı, aciz futbola rəst gəlmirdik. “İnter”in acından günorta durması məsələsinə gəlincə, əcəba ayda 5 min dollar (!) qazanan futbolçuya “ac-yalavac” ifadəsini yaraşdırmaq olarmı? 
Uduzmaq olar, lap 5:0 da, 7:0 da uduzmaq olar. Ancaq baxır necə, hansı futbolla. Əvəzlənərkən, hesabda 2:0 geridə olan komandanın üzvünü az qala bütün Bilbao əhalisi meydandan çıxara bilmirdi. Hamı yalvarır, İlkin Qırtımov isə heç cür meydandan çıxmır, bir-bir oyunçular, hakimlərlə sağollaşır. A kişi, uduzursan e, hesab 2:0-dı, iki oyunluq yarışmada bu nəticə əlverişsizdi! Ancaq Qırtımovluq bir şey yoxdu. Oyuna təlimat XX əsrin sonlarındakı kimi olub: “Böyük hesabla uduzmasaq, əla olar”. “İnter”in baş məşqçisi Zaur Svanadzeyə ispan jurnalistlərin haqlı sualı olub: “Hücum etmirdiniz. Bilbaoda qol vurmaq haqda düşünmürdünüz. Bura 0:0 dalınca gəlmişdiniz”? Cavab maraqlı deyil, səslənən sualın məramı göz qarşısındadı: arada futbol da oynayın. Futbol oynamayanlar haqda isə bundan böyük şərhə ehtiyac yoxdu.
“Qəbələ” sözün həqiqi mənasında təəccübləndirdi. Çılğın Kipr fanatlarının qarşısında neçə-neçə Avropa nəhənginin “sındığı”nın şahidi olmuşuq. İlk dəqiqələrdən hücuma atılan “Apollon”un təzyiqi standart xarakter daşıyırdı. Cinah hücumlarına meyl edən meydan sahibləri artıq 2-ci dəqiqədə baş hakim Sergey Boykoya təzyiq göstərməyə başladı. Fatis Papulisin cərimə meydançasında yerdə qaldığı epizodun videotəkrarında Sergey Zenyovun topa oynadığı aşkar şəkildə görünür. İlk dəqiqələri müdafiədə keçirən təmsilçimizin ən ciddi axsayan mövqeyi sağ cinah idi. Ürfan Abbasovun taktiki cəhətdən ciddi problemlər yaşaması debütdəcə sezilməyə başladı. Əvvəlcə təkbətək mübarizədə rəqibinə məğlub olan müdafiəçini Dmitri Bezotosnı “sığortaladı”. Ancaq bir qədər sonra ukraynalı əlcək sahibi də Ürfanın kobud mövqe səhvindən sonra qapısının toxunulmazlığını qorumaqda aciz qaldı. Bu, Abbasovun cari avrokubok mövsümündə rəqiblərinə hədiyyə etdiyi 2-ci qoldu. Tiflisdə “Dinamo” ilə oyunda da Papunaşvilinin keçidi zamanı müdafiəçi sanki gürcünün mühafizə xidməti rolunda çıxış etmişdi. Roman Qriqorçukun mərkəzi gücləndirməyə hesablanmış Samir Zərgərovu Dodoyla əvəzləməsi başadüşülən olsa da, Ürfanın sadaladığımız səhvlərdən sonra meydanda qalmasına izahat tapmaq çətindi. Məhəmməd Mirzəbəyovun hansı formada olduğu barədə məlumatlı olmasaq da, Arif Daşdəmirovun sağ cinah müdafiəçisi mövqeyində Abbasovdan daha çox fayda verdiyinin şahidi olmuşuq. Ürfan isə, hələ avrokubok oyunları üçün “bişməyib”…
Oyunun debütündə qol buraxan qonaq komanda bundan pis vəziyyət arzulaya bilməz. Nə yaxşı ki, bu cür təzyiq altında olan “Qəbələ” “sınmadı”. Əsl liderlik xüsusiyyətlərini göstərməyi bacaran komandanın kapitanı Cavid Hüseynovun komanda yoldaşlarını arxasınca aparması “Apollon” üçün gözlənilməz idi. Sergey Zenyovun hücumda yaradıcı futbol oynamasını da qabartmalıyıq. Estoniyalı legionerin Cavidin “səsinə səs” verməsi, meydan sahiblərini daha çox müdafiə haqda düşünməsini şərtləndirən faktorlardandı. Görünməyən, lakin oyun qurucalırının hücumda rahat hiss etməsi üçün meydanın mərkəzində dominantlıq edən Aleksey Qayın xidmətlərini də vurğulamalıyıq. Vahid ansabl şəklində olduqca xoş təsir bağışlayan “Qəbələ”nin hücumları kəsərli alınsa da, “futbol İlahə”sinin üzü “Apollon” tərəfində idi. Yəni, sərgilənən futbola görə, Azərbaycan təmsilçisi qələbəni haqq etmişdi. “Qəbələ”nin avrokubok qarşılaşmalarında yüksələn qrafik üzrə futbol sərgiləməsi sonda nəticədə də öz əksini tapdı. Komanda ilk dəfə olaraq, səfərdən məğlub olmadan dönməyi bacardı. 
Bir neçə kəlmə də ukraynalı ədalət təmsilçisinin qeydə aldığı penalti epizodu barədə. Voyislav Stankoviçi səlist güləş fəndi ilə yerə sərən Freyrenin hərəkətini görməmək mümkün idimi? Axı Boyko epizodun 2-3 metrliyində idi! Videotəkrarda da aydın görünür ki, hakim doğru qərar verib. “Qarabağ” İtaliya “İnter”inin qapısına vurduğu qol qeydə alınmadı, UEFA Miroslav Zelinkaya oyun verdi. Təmiz penaltini təyin edən referinin idarəetməsini Azərbaycanda ümumiyyətlə, müzakirə etmək gülməlidi.
Cavid Hüseynovun etdiyi jestlə bağlı da qeydlərə zərurət duyuruq. Hüseynov komandanın döyünən ürəyidi. Onun nəinki qırmızı, hətta ehtiyac olmayan yerdə sarı vərəqədən də ehtiyatlanması zəruridi. 90 dəqiqə ərzində liderlik yükünün altında olan Cavidin əsəblərinin tarıma çəkilməsini, 10 minlik kütlənin təzyiqi ilə üzləşən Hüseynovun  etdiyi hərəkətə bəraət qazandırmaq olmaz! Futbolçu etdiyi hərəkətlə, tribunalardakı idarəolunmaz vəhşi kütlənin meydançaya axışmasının səbəbkarı ola bilərdi ki, nəticədə ölüm hadisəsi qaçılmaz fakta çevrilərdi. Eyni zamanda, kapitanı UEFA da cəzalandıra bilər. Emosiyalar nə qədər aşıb-daşsa da, yarımmüdafiəçi ilk növbədə komandasını düşünməli idi. Axı Cavidsiz “Qəbələ” tamamilə fərqli rənglərə boyanacaq. “Apollon” səddi isə hələ keçilməyib.
İlk oyunun nəticəsi və ən əsası keyfiyyəti barədə müsbət sözlər söyləmək olar. Amma fakt budu ki, “Qəbələ”yə rahatlaşmaq olmaz. Qriqorçuk ilk növbədə sağ kənar müdafiəçisi mövqeyindəki inadkarlığından əl çəkməlidi. Adalıların əksər hücumları cinahlardan gəlir və cavab qarşılaşması öncəsi bunu diqqət mərkəzində saxlamaq lazımdı. Çünki Kiprdən fərqli olaraq, Bakıda ilk qol “Apollon”dan gəlsə, rəqib bütün heyətlə müdafiəyə oturacaq. Yalnız aqressiv futbolla ermənipərəst xalqın nümayəndələrini “tısbağa qını”na yığmaq olar. Başqa sözlə, Kiprdəki oyunun ssenarinin axarı ilə.
CEYHUN ƏLİYEV
Shares: