Premyer Liqada yeni mövsümün startına bir həftə qaldı. Komandalar sabahdan etibarən sifariş ərizələrini Peşəkar Futbol Liqasına təqdim etməlidi.
Futbolçu sifarişiylə bağlı hər ani yenilik ola bilər. Çünki bəzi klublarda ümumiyyətlə, heç bir müqavilə rəsmiləşməyib, bəzilərində yeni anlaşmalar mümkündü. Amma stadionlarla bağlı məsələ dəqiqləşməlidi. Futbolinfo.az klublarla əlaqə saxlayıb, məsələni dəqiqləşdirmək istədi.
"Qarabağ"
Son ölkə çempionu əsas meydança kimi Tofiq Bəhramov adına Respublika stadionunu göstərib. Ağdamlıların 2 aydan sonra rəqiblərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul edəcəyi gözlənilir.
"İnter"
“Bankirlər” ötən mövsüm olduğu kimi yenə öz stadionunda – “İnter Arena”da oynayacaq. Ehtiyat variant kimi hansı arenanın sifariş ərizəsində göstəriləcəyi dəqiqləşməyib.
"Qəbələ"
Bürünc medalçının da bu baxımdan problemi yoxdu. Qəbələ şəhər stadionunda problem yaranacağı halda “qırmızı-qaralar” yenə doğma rayonda qalacaq. Çünki burada elita matçlarını keçirmək mümkün olan 2 meydança var. “Qəbələ” əvvəllər də rəqiblərini məhz həmin meydanda qəbul edirdi. "Qəbələ"nin Böyük Əmili stadionunda oynaması da mümkündü.
"Neftçi"
"Bakcell Arena"ya icarə qaydası ilə sığınan “Neftçi” də çətinlik çəkməyəcək. “Ağ-qaralar” ötən mövsüm olduğu kimi, ehtiyac yarandığı təqdirdə yenə İsmət Qayıbov adına Bakıxanov stadionuna üz tuta bilər.
AZAL
İlk baxışdan “təyyarəçilər”in problemi yoxdu. Çünki neçə vaxtdı bu komanda oyunlarını “AZAL Arena”da keçirir. Klub rəsmiləri də sifariş ərizəsində buranı əsas, “Dalğa Arena”nı ehtiyat stadion kimi göstərib. Amma iş ondadı ki, baxımsızlıq üzündən Şüvəlan stadionu sıradan çıxıb. Qulluq üzü görməyən və 3 ildi istifadə edilən qazonda məşq etmək belə risklidi. Ona görə də rəqiblər bura qonaq gəlmək istəməsə, təəccüblənməməliyik. AZAL-ın mövsüm ərzində bütün oyunları “Dalğa”da oynaması da mümkündü.
"Xəzər Lənkəran"
Cənublular yenə rəqiblərini Lənkəran şəhər stadionunda qəbul edəcək. Amma problem yaranacağı halda komanda Bakıya – Tofiq Bəhramov adına Respublika stadionuna üz tutacaq.
"Sumqayıt"
"Kapital Bank Arena"da məskunlaşacaq bu komanda da ehtiyat variant kimi paytaxtı seçib. Sumqayıtlılar ehtiyac yaranacağı təqdirdə “Bayıl Arena”da oynayacaq.
"Rəvan"
“Bayıl Arena”nın əsas sahibi isə “Rəvan”dı. Maraqlıdı ki, “aslanlar” ehtiyac yaranacağı halda Mərdəkana üz tutacaq: AZAL-ın da ehtiyat meydan kimi göstərdiyi “Dalğa Arena”ya.
"Zirə"
Debütant əsas meydança kimi Zirədəki Olimpiya İdman Kompleksinin stadionunu göstərib. Ehtiyat meydança ilə bağlı dəqiq qərar verilməyib.
"Kəpəz"
Hələlik harada oynayacağı bilinməyən yeganə klub “Kərəz”di. Gəncəlilər elitaya buraxılarkən yerli stadion təmir olunana kimi “Dalğa Arena”da oynamağı planlaşdırırdı. Lisenziya almaq üçün də bu stadion göstərilmişdi. Daha sonra Yevlax variantı ortaya çıxdı, bu gün isə qəzalı vəziyyətdə olan, yalnız qazonu yararlı sayıla biləcək Gəncə stadionunda oynamaq ehtimalı barədə xəbərlər oxuduq. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu isə başqa söz deyir: “Hələ harada oynayacağımızı bilmirik. Müşahidə Şurası yaradılandan sonra ilk variant Gəncə, alınmasa, Yevlax və Mərdəkan stadionları idi. Problemi yoluna qoymaq üçün iş gedir, dünən də Gəncədə olmuşam. Ən qısa zamanda bu barədə açıqlama verəcəyik. PFL icazə versə, Gəncədə oynayacağıq, bu stadion yararlı sayılmasa, digər variantlara baxılacaq”.
AĞA
Shares: