Premyer Liqaya qayıdan “Kəpəz”in ilk matçına bir həftə qalsa da, komandada bir sıra problemlər həllini tapmayıb. Hələ harada oynayacağı bilinməyən Gəncə klubunda maddi problemlər də ön plandadı.
Hələ futbolçuların əksəriyyəti ilə müqavilələri rəsmiləşdirməyən klub sabah iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim etməlidi. Ancaq maddi problemlər həll olunmadığından bu proses yubanır. Nə AFFA pul ayırır, nə də Müşahidə Şurasına bəh-bəhlə seçilən gəncəli iş adamlarından xəbər var.
Vəziyyət o qədər pisdi ki, hətta təchizatla bağlı problemlər də yoluna qoyulmayıb. Heç “Kəpəz”in formaları da hazır deyil. AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, həm də Gəncə klubunun Müşahidə Şurasının üzvü olan Mikayıl Nərimanoğlu da yollarda qalıb. Problemlərin həlli ilə məşğul olan Mikayıl bəy dünən Qərb bölgəsindən qayıdıb.
Nərimanoğlu əməkdaşımızla söhbətində həqiqətən belə problem olduğunu, amma tezliklə yoluna qoyulacağını bildirdi. O, komandanın ucuz, keyfiyyətsiz forma ilə təmin olunduğu barədə informasiyamızı təkzib etdi: “Hər şey yüksək səviyyədə olacaq. Formalar, geyim dəstləri sifariş olunub və tezliklə təhvil veriləcək. Onlar hissə-hissə bizə çatdırılır”.
“20-25 dəst formanı almaq bu qədər çətin məsələdi ki, onu hissə-hissə alırsız” sualından sonra isə Nərimanoğlu vəziyyətə aydınlıq gətirməli oldu. Əslində, problem geyim dəstləri ilə bağlıdı. İlk olaraq məşq formaları gəlib. Çempionat oyunlarında geyiniləcək formalar isə yubanır. Bunun səbəbi isə formaya hansı reklamın vurulması ilə bağlıdı. Hər şeyi demək istəmirəm, özünüz görəcəksiz. Amma əmin olun ki, hamısı həll olunan məsələlərdi və ola bilsin, elə bu gün yoluna qoyulacaq”.
Mikayıl bəy deməsə də, bizdə olan bilgiyə görə alınan formalar ucuz və keyfiyyətsiz olduğundan geri göndərilib. Əvvəlcə maliyyə problem üzündən belə variant əl atılıb. Ancaq sonradan bu geyimlərin bir işə yaramadığı aydınlaşıb və daha yaxşıları sifariş olunub. Eyni zamanda Müşahidə Şurasında təmsil olunan şirkət, zavod rəhbərləri təmsil etdikləri qurumların loqosunun formanın üzərinə vurulmasını istəyir. “Ən yaxşı yer uğrunda mübarizə”işə başqa problemləri ortaya çıxarıb.
FƏRİD
Shares: