Giriş əvəzi
İldə bir neçə dəfə rayona baş çəkirəm. Rayona gedəsən, çayxanada oturmayasan? Bu çayxanaların birində maraqlı bir mənzərəyə rast gəlmişəm.
Bir çaynik çayın dəyəri 50 qəpik olsa da, çayçı qardaşın “bəh-bəhli, yoxsa bəh-bəhsiz çay istəyirsiniz? Amma bəh-bəhli 1 manatadı” sualına çaşıb qalsam da, “bəh-bəhlisini gətir” cavabını verdim. 10-15 dəqiqə keçdikdən sonra çayçı “bəh-bəh-bəh-bəh” deyə-deyə əlində çaynik masamıza yaxınlaşdı. Bu da oldu bahalı çayımız…
Əmrlər təsdiqini tapdı
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasla bağlı neçə İK üzvünün iştirak etdiyi, hansı səbəblərdən yığışdıqları, ümumiyyətlə, futbol ictimaiyyətinin nəyə görə məlumatlandırılmadığına dair kifayət qədər suallar var. Ancaq qəbul edilən qərarlara nəzər saldıqda, kələfin ucu görünməyə başlayır.

“Rəvan”ın Premyer Liqaya buraxılması ilə bağlı qərar onsuz da gözlənilən idi və komanda çatışmazlığını bu yolla ört-basdır edən AFFA-nın verdiyi qərara bu gün sadəcə, rəsmi don geyindirilib.
Elə lisenziyalaşdırma üzrə qaydaların təsdiqi də bu qəbildən – əvvəlcədən məlum olan qərarların siyahısındandı. “Turan” – “Turan-T” – “Turan Tovuz” Amma Tovuz futbolunun başına yenidən ip sallayıb fırladılması, bu, artıq biabırçılıqdı. Gül kimi adı var idi komandanın: “Turan”. Borcları bağlaya bilməyən klubun adını dəyişdirib, əlifbanın bir hərfini əlavə etdilər. Yenə borc yarandı. Nə etməli?
Futbol qanunlarına riayət etməyə borclu olan AFFA, əslində, özü bu qanunları kobud şəkildə pozurdu, pozur və bu gedişlə pozacaq da. “Qaşın üstə gözün var” deyən də yoxdu. Özü yazır qanunu, özü də pozur. Qanunun aliliyini qəbul etməyən federasiyanın bu idarəetməsi “Şah qanundu!” prinsipinə söykənir. Borcu olan klubu ildə ləğv edib, 1-2 hərf əlavə edərək, guya yenisini yaratmaqla nəyə nail olursunuz? Heç olmasa, tarix naminə etməyin bunu. Axı, hər yeni uydurulan klub xələfini, başqa sözlə, tarixini silib atmış olur, ey özünü futbol fədailəri sayan ağalar!
Beləliklə, Tovuz futbolunun tarixini sıfırdan yazmağı qərara alıblar. Hansı hüquqla? Hüquqları olmasa da, möhürləri var. Deməli, yıxıb-sürüyə bilərlər. Əvəzində, növbəti mövsüm üçün Premyer Liqaya daha bir namizədin yerini hazırlayırlar. Ad ötənilkidi, bəs tarixi adın silinməsinə hansı donu geyindirək?!
“Simurq” “xortladı”
“Simurq”u basdırdıqdan sonra xortlamasına qərar veriblər. Ancaq yenə də eyni – primitiv yolla. Borcların silinməsi üçün tarixi qurban verən federasiya “Zaqatala” PFK yaranması ilə bağlı qərara gəlib. Aydın məsələdi ki, AFFA daxili qanunları min bir fırıldaqla istəyi kimi çevirir. Maraqlıdı, bəs UEFA-da bu cür fırıldaqlara necə münasibət bəsləyəcəklər? Son 3 ildə 3 dəfə adını dəyişən Tovuz klubunun bu addımı aşkar maliyyə maxinasiyasıdı. İndi eyni yolu Zaqatala təmsilçisi üçün də seçdilər. Özü də rəsmi don geyindirərək.

Ritorik sonluq
Nə yaxşı ki, “Kəpəz”in heç kimə borcu yoxdu. Yoxsa, Gəncə təmsilçisinə də bir ad fikirləşib “pasport”unda dəyişiklik edərdilər. Necə ki, vaxtilə “Gəncə” zühur etmişdi.
Nə yaxşı ki, “Kəpəz”in heç kimə borcu yoxdu. Yoxsa, Gəncə təmsilçisinə də bir ad fikirləşib “pasport”unda dəyişiklik edərdilər. Necə ki, vaxtilə “Gəncə” zühur etmişdi.
O ki qaldı hər bir klubun adından sonra “İctimai Birliyi” (İB) yapışqanına, bununla bağlı da xeyli suallar toplusu var. Amma ən birincisi budu: “Neftçi”nin İctimai Birlik olmasından ötən müddət ərzində Açıq Səhmdar Cəmiyyət məsələsi yönündə hansısa irəliləyişdən xəbər-ətər var? Hansı marketoloji, mənəvi və maddi uğurlar əldə edilib ki, indi “Zaqatala”, “Kəpəz” və “Turan Tovuz”u da İB elədiniz?..
Təəssüf ki, sual ritorikdi və cavabı yoxdu. Bəh-bəh-bəh-bəh-bəh…
Bu bəh-bəhdən sadəcə, əl qaldırmaq üçün lazım olan, “fövqəladə şəraitdə” bir araya gətirilən İcraiyyə Komitəsi üzvlərinə də düşür. Sizə qoyulan hörmətə, özünüzün özünüzə verdiyiniz dəyərə bəh-bəh, bəbəhbəh…
CEYHUN ƏLİYEV