Litva millisinin sabiq üzvü Mindauqas Kalonas “Rəvan”ın sıralarına dönüb. Futbolinfo.az xəbər verir ki, 2013-cü ildə paytaxt təmsilçisinin rənglərinə qatılan hücumçu yenidən “aslanlar”ın şərəfini qoruyacaq.
2013-də “Rəvan”ın heyətində 13 oyunda 8 qola imza atmış Kalonas dövrələrarası fasilədə “Bakı”ya transfer olunub. Lakin “zolaqlılar”ın heyətində komanda yoldaşları ilə yola getməyən forvard “Bakı”nın heyətində 17 oyun keçirdikdən sonra oradan da ayrılıb. Bu müddət kəsiyində litvalı 6 dəfə rəqib komandaları məyus edib.
Maraqlıdı ki, “8 nömrə”nin növbəti dayanacağı da Azərbaycan klubu olub. Bir müddət öncə “o dünyaya yola salınan” “Simurq”un 2014-də qucaq açdığı Mindauqas Zaqatala təmsilçisinin heyətində cəmi 5 oyun keçirdikdən sonra ölkəmizi tərk edib. Bu dəfə qol vurmadan. Maraqlıdı ki, gedişinin səbəbi yenə də eyni olub: o, komanda yoldaşları ilə yola getmədiyi üçün komandadan ayrılmaq məcburiyyətində qalıb.
Buradan bir qənaətə gəlmək olar: İlyarıma 3 Azərbaycan klubunu dəyişən Kalonasın xarakterində ciddi problemlər var. Bu səbəbdən də onun “Rəvan”a ikinci dönüşünün də uzun sürməyəcəyini proqnozlaşdırmaq olar. Həm də məşqçisi özündən də “dəli” Emin Quliyevdisə…
Digər tərəfdən, indi 2013-cü il deyil. “Rəvan”ın ovaxtkı durumu günümüzdə əksər klubların maliyyə vəziyyətindən yaxşı olardı. Ancaq indi paytaxt təmsilçisi qəpik-quruşa olan futbolçuları sıralarına qatmaqla Premyer Liqada iştirak etmək niyyətindədi. Legioner isə yalnız bir halda qəpik-quruşa görə ölkəmizə gələr – heç bir klubun ona tələbatı olmadığı halda.
Kalonas “Rəvan”ın yeganə legioneri olmayacaq. Nuru Əliyevin komandanı etibar etdiyi “futbol başbilənləri” səviyyələri yüksək olmadığı üçün indiyədək klubsuz qalan, az pula ölkəmizə qayıtmaq istəyən əksər sabiq futbolçularının əksəriyyətinə dəvət göndərib.