Futbol təkcə oyun deyil, həm də biznes layihəsi, gəlir əldə etmək vasitəsidi. Dünyanın əksər yerlərində oyunçu transferindən, bilet satışından, teleyayımdan, müxtəlif layihələrdən milyonlar qazanırlar.
Azərbaycanda isə klub futbolu o qədər də inkişaf etmədiyindən burada halal pul qazanmaq mümkün deyil, mütləq “cibə girməlisən”. Bu səbəbdəndi ki, Azərbaycanda klub sponsoru olanlar sonda ya müflis olur, ya da “vurulur”. Hafiz Məmmədovla Cahangir Hacıyev ən son nümunələrdi. Onlar futbola qayğıya görə dövlətdən çoxlu güzəşt alır, əvəzində həmin mənbələrdən qazandıqlarının bir hissəsini top oyununa xərcləyirdilər. İş düzgün qurulmayanda və ya onlar həddi aşanda isə nələrin baş verdiyini özünüz gördüz.
AFFA-nın baş katibi Elxan Məmmədovun ölkə klublarını ələ keçirməsinin arxasında da bu maraqlar dayanır. Amma iş ondadı ki, bu cavan oğlan autsayder “Sumqayıt”la işə başlayıb, ən məşhur klubumuz “Neftçi”ni ələ keçirənə kimi böyük yol keçdi. Hətta bir çox klubların vəziyyətinin pisləşməsindən də özü üçün istifadə etdi. Elə ona görə də indi Cahangir Əsgərov, Cahangir Hacıyev, Nuru Əliyev, Elmar Vəliyev kimi məmurlar, iş adamları da onun əlinə baxır, AFFA-nın yardım kimi nə vaxt və nə qədər pul ayıracağını gözləyir.
Məmmədovun bütün ölkə futbolunu ələ keçirməsinin qarşısında əngəl olan 2 klub var – “Qarabağ” və “Qələbə”. Baş katib bu komandalara heç cür girişə, onların rəhbərlərinə “xod” tapa bilmir. Maraqlıdı ki, ölkə futbolunun adına ən yaxşı işləri də məhz bu cütlük görür. Onlar Avropa Liqasında pley-offa çıxmasaydı, bəlkə də indi Elxan bəy onların da üzərinə qara bulud topası göndərmişdi. Di gəl ki, uğurları məhz idarəçiliyində Məmmədovun izi olmayanlar əldə edir. Ötən mövsüm “Qarabağ”, daha öncə “Neftçi”… Təsadüfi deyil, bakılılar büdrəyən kimi baş katib Sadıq Sadıqov erasına nöqtə qoydu.
Klub futbolunu ələ keçirmək bir yana, Məmmədov həm də milli komandalarladan, bir sıra layihələrdən əla yararlanır. AFFA-nın xəttiylə gətirilən və klublarda yerləşdirilən idman direktorlarının aqibəti necə oldu? Bunun üçün futbol qurumunun təqribən 1 milyon manatı havaya sovruldu, ortada isə real nəticə yoxdu. Bu mövsüm davamı vacib bilinməyən bu layihədən qazanan Məmmədovun şərik olduğu menecerlərdi. Onların hər birindən qeyri-rəsmi 30 faiz menecer haqqı alınırdı. Bəs, onlar futbolumuza nə verdi? Qoy bu suala hörmətli baş katib cavab versin!
Sponsor müqavilələri, milli komandaların təlim-məşq toplanışlarında xərclənən, böyük hissəsi ciblərə ötürülən milyonlar, “tanışlar”ın otellərində məskunlaşma və s. Bütün bunlar biznesin bir hissəsidi. Hələ ali futbol qurumlarından ayrılan, amma futbol klublarına çatmayan məbləğləri demirəm. Layihə kimi UEFA klublarda uşaq futbolunun inkişafı üçün müəyyən məbləğ ayırır. Amma AFFA həmin pulu klublara bütöv vermir, həmin paraya top, forma və s. inventarlar alıb paylayır.
İlk baxışdan burada ciddi problem yoxdu. Ancaq mahiyyətə vardıqda fərqli məqamlar ortaya çıxır. Deyək ki, hansısa kluba Çində istehsal olunan hansısa keyfiyyətsiz formalar ən məşhur şirkətlərinin məhsulu qiymətinə çatdırılır, ortadakı büdcə əridilir.
Baş katibin ən böyük qazancı isə qazonlarla bağlıdı. Elxan bəy burada monopoliyanı tam ələ keçirib. Süni örtük işi birbaşa Məmmədovun nəzarətindədi və Tovuz şəhər stadionundan “Dalğa Arena”yadək bütün meydanlar məhz onun dostları tərəfindən döşənir.
İş ondadı ki, burada o qədər böyük pullar yeyilir ki, hətta bəzən ölkənin imici, dövlətin nüfuzu da ayaq altına atılır. Lap "Qarabağ” – "Seltik” oyunu öncəsi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun ot örtüyü ilə bağlı yaşananlarda olduğu kimi.
C3555C8B BAC6 4D41 827B A26BB4C5B46F mw1024 s n - Futbolinfo.az
Az qala hər il milyonlar xərclənən arenanın yay aylarında bərbad vəziyyətə düşməsi ölkə rəhbərliyini də narahat edir. Stadion direktoru Akif İsmayılov artıq buna görə qulaqburması alıb, deyilənə görə, işindən azad olunub və bu, yaxın günlərdə rəsmən açıqlanacaq. Ancaq məsələ ondadı ki, bu problem heç də təkcə İsmayılovun səhlənkarlığı üzündən yaranmayıb.
Respublika stadionunun qazonuna nəzarəti bir il bundan əvvəl Gənclər və İdman Nazirliyi rəsmi müqavilə ilə FSM (Football and Sport Management) şirkətinə həvalə edib. FSM-in rəhbəri Fərman Əlizadə olsa da, qurum Elxan Məmmədovun nəzarətindədi. Şirkət 2012-ci ildə Bakıda keçirilən 17 yaşadək qızların dünya çempionatı ərəfəsində yaradılıb.
O da maraqlıdı ki, FSM-in qulluq etdiyi qazonların heç biri yaydan sağ çıxmayıb. “Bakı”nın təlim-məşq bazasının qazonlarının necə səhralığa çevrildiyindən xəbərdarsız, onsuz da bərbad durumda olan "Bakcell Arena” isə tezliklə təmirə bağlanacaq.
1435920720Baki baza%20(1) - Futbolinfo.az
Və heç kim bunu iqlimlə və ya dözülməz istilərlə bağlamasın. İndiyədək həmişə yaşıl qalan ADBTİA-nın qazonu da eyni şərtlər altında yaşayır, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun örtüyü də. FSM-in "qulluq” etmədiyi bu stadionlarda vəziyyət əladısa, deməli, problem sözügedən şirkətdədi. Elə olmasaydı, “Neftçi” çempionatda 3-cü turun oyunu üçün “Bakcell Arena”nı atıb Bakıxanova – Sadıq Sadıqovun kadrlarının əla vəziyyətdə saxladığı, “Qəbələ”nin də məşq etdiyi arenaya üz tutmazdı.
Ötən il "Neftçi”nin Avroliqa oyunlarında, millimizin Norveçlə qarşılaşmasında “Bakcell Arena”nın qazonunun bərbad durumu, göz aldatmaqdan ötrü yaşıl boya ilə otun rənglənməsi hamımızın yadındadı. FSM işi bacarmır, bəzən isə belə saxtakarlığa da əl atır. Onların Respublika stadionunu “Qarabağ” – “Yanq Boyz” oyununa kimi hazırlayacağı da bu səbəbdən inandırıcı deyil.
Burada söhbət təkcə Elxan Məmmədovun FSM-in əli ilə stadionlara ayrılan maliyyəni havaya sovurmasından getmir. İş ondadı ki, baş katib başqa oyun da oynayır. Bildiyimiz kimi, “Bakcell Arena” AFFA-nın balansındadı. Və bu arenanın saxlanılmasna görə assoiasiyanın büdcəsindən 586658 AZN ayrılır. Yarım milyondan çox vəsaitlə arena rəhbərliyi faktiki heç bir iş görmür. Bu məbləğlə böyük bir müəssisəni saxlamaq olar. Nəzərə alaq ki, hələ avrokubok matçlarını burada keçirən klublar həm son günün məşqləri, həm də oyun üçün çox yüksək məbləğdə icarə haqqı ödəyir. Milli komandaların oyunları zamanı da eyni qayda keçərli olur. Bura çempionatdakı ev oyunlarını 8-ci kilometr stadionunda keçirən “Neftçi”nin xərclərini də gəlsək, əməlli-başlı məbləğ alınır.
O zaman sual olunur: Bu qədər xərcin qarşılığında “Bakcell Arena”nın qazonu niyə sıradan çıxır, minimal məbləğ qarşılığında qulluq görən Qəbələ, Bakıxanov, ADBTİA arenaları yamyaşıldı? Deməli, baş katibin şirkəti də maraqlıdı ki, ayrılan pullar büdcəyə qayıtmamaq üçün onu yemək lazımdı. Yemək üçünsə keyfiyyətsiz iş görmək gərəkdi. Hər dəfə təmirə, yenidənqurmaya böyük məbləğlər ayırmaq, əvəzində 5-6 min xərcləyib keyfiyyətsiz iş görmək lazımdı ki, sabah yenidən təmirə ehtiyac duyulsun. Əla bazardı.
Digər bir məqam “Neftçi” ilə bağlıdı. Bildiyimizə görə “Neftçi” Avropa Liqasında qrupa düşərkən “Bakcell Arena” AFFA tərəfindən kluba hədiyyə edilib. Belə ki, assosiasiya stadionun xərclərini üzərinə götürməklə komandanın burada pulsuz oynamasını öhdəsinə götürüb və AFFA-nın Konfransında xərclər bölməsində göstərilən “Bakcell Arena”nın saxlanılmasına görə 586658 AZN də buna görədi. Amma baş katib gizlincə kluba məktub göndərərək hər ay üçün 10 min AZN alır. Sabiq prezident Sadıq Sadıqovun vaxtında belə olub, indi Elxan Məmmədovun öz kadrı Elnur Məmmədovla hansı məbləğə razılaşdığını bilmirik.
Yazının girişində klubların ələ keçirilmək siyasətini boşuna vurğulamadıq. Kluba nəzarət ələ keçirildikdə pulun bir cibdən başqasına keçirilməsi asanlaşır. Stadion, transfer və s. məsələlərdə asanlıqla AFFA-nın, dövlətin pulunu mənimsəmək olur. Öz futbolumuz, öz klubumuz, öz şirkətimiz, öz pulumuz…
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp