Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki təəccübləndirir. O, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda Xorvatiya, sentyabrın 6-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq komandanın heyətini elə seçib ki, mat qalmamaq mümkün deyil. Düzdü, bu, hələ son heyət deyil, xorvat çalıçdırıcı yalnız həmin oyunlara hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 7-dək davam edəcək təlim-məşq toplanışı üçün 30 futbolçu seçib. Amma yenə də dəyərləndirməyə ehtiyac var.
Legionerlərdən Kamran Ağayevlə Dmitri Nazarovun dəvət olunmasında qeyri-adi heç nə yoxdu. Gəl ki, israrla milliləşdirilən, əvəzində yerli futbolçulardan da zəif olan Pavel Paşayevlə Eddi İsrafilovun bu siyahıda olması absurddu. Çünki onların ikisinin də səviyyəsi qənaətbəxş deyil.
Çempionatda biabırçı çıxış edən “Neftçi”dən milliyə  bu qədər oyunçu çağırılması da qəribədi. Düzdü, Aqil Məmmədov ikinci qapıçı kimi işə yaraya bilər, lakin kimsə mənə Magomed Qurbanovla Rəhman Hacıyevin niyə dəvət olunmasını izah edə bilər? Bu oyunçular nə ilə seçilib ki, belə diqqətə layiq bilinir? Heç indiki vəziyyətinə görə Ruslan Qurbanov da dəvət almamalıydı. Araz Abdullayev yalnız fərdi göstəriciləri, həm də oyunçu qıtlığı üzündən millidə olmalıdı.
Səlahət Ağayevlə Rauf Əliyevin millidə olması doğru seçimdi. Qapıçının oyunu göz qabağındadı, Rauf isə daha çox keçmiş xidmətlərinə və millidə fərqli oyun sərgilədiyinə görə qınanılmamalıdı.
“Kəpəz”dən Tərlan Quliyev, AZAL-dan Seymur Əsədov, “Zirə”dən Nurlan Novruzov, “Xəzər Lənkəran”dan Rahid Əmirquliyevlə Elnur Cəfərov dəvətə layiq oyunçulardı, hətta ilk ikisi üçün bu çağırış bir şansdı. Bununla belə, “Xəzər Lənkəran”dan Ruslan Abışovla Vüqar Nadirovun niyə dəvət aldığını anlaya bilmirəm. Axı, bu oyunçular məlum səbəblərdən uzun müddətdi futbol oynamır. Görəsən, belədə xorvat məşqçi onlardan hansı faydanı görəcək?
Avrokuboklarda əla oyun sərgiləyən “Qarabağ” və “Qəbələ”nin millidə aşkar üstünlük qazanması başadüşüləndi. Ağdamlılardan Bədavi Hüseynov, Rəşad Sadıqov, Qara Qarayev, Cavid Tağıyev və Coşqun Diniyevin dəvət olunması günün tələbidi, hələ tam forma yığmayan Elvin Məmmədovla Əfran İsmayılov isə yəqin ki, millidə uzunmüddətli təcrübəsi olduğu üçün seçilib.
“Qəbələ”yə gəlincə, Arif Daşdəmirov, Ürfan Abbasov, Rəşad Sadiqov və Elvin Camalov dəvətə layiq oyunçulardı, Magomed Mirzabekovun düşərgəyə çağırılması isə sanki yerinə düşmür. Düzdü, bu oyunçu istedadlıdı, ötən mövsüm özünü sübut edib, lakin iş ondadı ki, hazırda ideal formada deyil və klubunda az şans qazanır.
Bəs, Prosineçki kimi yaddan çıxarıb? Təəssüflə qeyd etməliyik ki, heç kimi! Milliyə az-çox layiq olan futbolçuların hamısına dəvət göndərilib. Legionerlərdən və təcrübəsiz gənclərdən qurulan klublarımızda milliyə layiqli olub kənarda qalan heç kim yoxdu. Bu isə yuxarıda adını qeyd edərək lazımsız olduğunu bildirdiyimiz futbolçuların da məcburiyyətdən dəvət aldığını deməyimizə əsas verir. Yalnız “Rəvan” və “Sumqayıt” millidə təmsil olunmayıb ki, təzə qurulan bakılıların diqqətdən kənar qalması debutant olduqları üçün başadüşüləndi. “Sumqayıt” isə mühakimə olunmalı klubdu. AFFA-nın məhz milli komandalara futbolçu yetişdirmək üçün yaşatdığı bu komanda görəsən nəyə qulluq edir?
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp