Topaz Premyer Liqasının 2 turu arxada qalxıb. 10 komandadan 9-u xal ehtiyatını zənginləşdirsə də, AZAL hər 2 görüşdə məğlubiyyətlə barışmalı olub. “Təyyarəçilər”in 3-cü turdakı rəqibi son 2 mövsümün çempionu “Qarabağ” olacaq. O “Qarabağ” ki, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə “Yanq Boyz”u ilə qarşılaşacaq. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla söhbətdə, komandanın 3-cü tura hazırlıqları, uğursuz start, çempionun avrokubokla əlaqədar yorğunluğu, habelə komandasının perspektivləri barədə danışdıq.
– Üçüncü tura hazırlıqlar necə keçir? Zədələnən futbolçunuz yoxdu?
– Məşqlərimiz plana uyğun davam edir. Sevindiricidi ki, zədədən əziyyət çəkən futbolçumuz yoxdu. 
– Komandanın ilk 2 oyunda məğlub olması, yetirmələrinzə psixoloji baxımdan təsir göstərirmi?
– Kollektivdəki gərginliyi aradan qaldırmağın ən yaxşı yolu qələbə qazanmaqdı. Əsas odu ki, ilk turla müqayisədə, 2-ci oyunda daha məzmunlu futbol sərgiləyə bildik. Deməli, oyunumuzu turdan-tura yaxşılaşdırırıq. “Qəbələ” ilə oyunda rəqibdən heç bir komponentdə geri qalmırdıq, bəzilərində isə onlardan üstün idik. Doğrudu, məğlub olduq, ancaq oyun baxımından irəliləyişə nail olduğumuzu qeyd etməliyəm.
 “Qarabağ”ı evdə qəbul edəcəyik. Bu da bizə əlavə motivasiya verir. Çalışacağıq fanatlarımızı sevindirək. Doğrudu, məlum səbəblərə görə oyunu “AZAL Arena”da keçirə bilməyəcəyik. Əlbəttə, bu da təsirsiz ötüşmür. Oyunları Şüvəlanda keçirərkən, müəyyən sayda azarkeş kütləsi toplamışdıq. Ancaq “Dalğa Arena”da da bizi dəstəkləyən tamaşaçıların olacağını düşünürəm.
– Bu gün “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveçrədə “Yanq Boyz”un qonağı olacaq. Cəmi 3 gündən sonra isə komandanıza qarşı oynayacaq. Necə düşünürsünüz, bu amil ağdamlıların AZAL-la oyununa mənfi təsir göstərəcəkmi?
– Yox, “Qarabağ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayırdı. Onlar güclərini hər iki cəbhəyə bölməyi bacardılar və ardıcıl 2-ci dəfə çempion oldular. Ötən tur “Rəvan”la qarşılaşırdılar. Qurban Qurbanov demək olar ki, 2-ci heyəti oynatdı. Ancaq bu, komandasının qələbə qazanmasına mane olmadı. Artıq “yorğunluq söhbətləri” arxada qalıb. 3-cü turda qarşılaşacağımız rəqibin 2 bərabərsəviyyəli start heyəti var. 
Bizdəki maliyyə vəziyyəti isə hər kəsə bəllidi. Ancaq bütün problemlərə baxmayaraq, ötənilki əzmkarlığı nümayiş etdirməliyik. Belədə, nəticə də özünü çox gözlətməyəcək.
– Nikbinsiniz. “Qarabağ”la oyuna 3 xal üçün çıxacağınızı düşünmək olarmı?
– Gözəl başa düşürük ki, çempiona qarşı oynayacağıq. Buna baxmayaraq, futbolçulara başa salmışam ki, heç kimdən çəkinmək lazım deyil. Qurban Qurbanovun komandasına böyük hörmətlə yanaşırıq. Amma Ağdam təmsilçisinə qarşı görüşdə qələbəyə oynayacağıq.
– Transfer pəncərəsinin bağlanmasına 11 gün qalıb. Yeni oyunçu almaq niyyətiniz yoxdu?
– Hücumçu istəyirik. Xarici bazardan forvard gətirməyə maliyyə imkanımız çatmır. Premyer Liqa klublarının əvəzedici komandalarına nəzər yetiririk. Eyni zamanda 1-ci divizion komandalarını da diqqət mərkəzində saxlayırıq. Elə futbolçular var ki, hansısa komandada oyunu alınmır, amma digər kollektviə qoşulduqdan sonra parlamağa başlayır.
Azərbaycanda müdafiəçi və yarımmüdafiəçi tapmaq asandı. Təəssüf ki, ölkəmizdə hücumçu qıtlığı var. Bu səbəbdən də qətiyyətlə deyə bilmərəm ki, mütləq ön xətt oyunçusu ilə anlaşacağıq. Ancaq bu yolda maksimum səy göstərəcəyik.
CEYHUN ƏLİYEV 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp