Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” doğma “divarlar arası”nda Yunanıstan “Panatinaikos”u ilə qolsuz bərabərə qalıb. Matçdan sonra ölkə çempionatının bürünc mükafatçısının hücumçusu Aleksey Antonov futbolinfo.az saytına oyunla bağlı fikirlərini bölüşüb.
Hücumçu rəqibin kifayət qədər güclü olduğunu bildirib: “Oyun ağır keçdi. Rəqib yaxşı futbolçulardan formalaşmış komandadı. İndidən cavab oyunu haqda dışmaq tezdi. Qarşıda ölkə çempionatının 3-cü turunun qarşılaşması var. Həmin görüşdən sonra cavab oyunu barədə fikirləşmək olar”.
Antonov “Qəbələ”nin ənənəvi futbol oynamaması iddiası ilə razılaşmayıb: “Deməzdim ki, öz oyun üslubumuzu ortaya qoya bilmədik. Rəqibi yaxşı təhlil etmişdik. Düşünürəm ki, pis oynamadıq. Qol vurmaq üçün də imkanlar əldə etdik”.
Öz oyunundan razı qaldığını bildirən forvard, jurnalistlərin fikrinin onun üçün önəmli olmadığını bildirib: “Əsas baş məşqçimin fikridi. Onun verəcəyi qiymət hər şeydən önəmlidi. Ümumiyyətlə, hesab edirəm ki, bu oyunu unutmaq və gələcək haqda düşünmək lazımdı. Təbii ki, bugünkü matçı təhlil edib, səhvləri aradan qaldırmaq şərti ilə”.
Sonda Antonov komandaların şansları barədə sualı da cavablandırıb: “Deyə bilmərəm. Proqnoz vermək mənlik deyil. Münəccim olsaydım, sualınızı cavablandıra bilərdim. Ancaq mən münəccim deyiləm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp