Ötən gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Yunanıstanın "Panatinaikos" klubu ilə 0:0 bərabərə qalıb.
Qarşılaşmadan sonra Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:
– Oyunla bağlı fikirləriniz bilmək maraqlı olardı…
– Çox gərgin oyun oldu. Oyunun belə çətin keçəcəyini bilirdik. Futbolçuların hamısına təşəkkür edirəm, var gücləri ilə meydançada vuruşdular. Məncə, bu gün qalib də gələ bilərdik. 
– Sizə də elə gəlmirmi ki, futbolçularda oyunun sonlarına yaxın yorğunluq vardı?
– Hər iki komanda yorğun idi. Oyun əvvəldən sona kimi sürətli keçdi. Sizinlə razıyam.
– Bakıda 0:0 hesablı bərabərlik “Qəbələ” üçün sərfəli nəticədimi?
– Əsas odu ki, qol buraxmadıq. Düzdü, qalib gəlsəydik, daha yaxşı olardı. Səfərdə çalışacağıq ki, qol vuraq. Məncə, pley-off-a kimi gəlib, “Panatinaikos” kimi komanda ilə başabaş oynamaq yaxşı nəticədi. 
– Cavab oyunu öncəsi şansları necə dəyərləndirərdiz?
– Əgər səfərdə də bu cür oynasaq, şanslar bərabərdi. 
– Aleksey Antonovun bugünkü çıxışını görəndən sonra komandaya yeni hücumçu lazım olduğu haqda düşünürsünüzmü?
– Antonovun düzələcəyinə inanıram. Onun əvvəlki oyunlarına baxmışam. Hücumçularda bəzən belə şeylər olur, uyğunlaşma prossesi bir az ağır keçir. Hücum xəttində problemlərin olması ilə razıyam.
– Əvvəlki oyunlara nisbətən, bu gün stadionda ajiotaj az idi. Əldə etdiyimiz məlumata görə “Apollon”la oyundakı hadisələrdən sonra bu dəfə komandaya dəstək verilməməsi üçün ciddi tapşırıqlar olub… 
– “Apollon”la oyuna nisbətən təhlükəsizlik daha yüksək səviyyədə təşkil olunmuşdu. Stadiona yad əşyalar, səsucaldıcılar buraxılmamışdı. Düzdü, əvvəlki çılığınlıq yox idi. 
– Futbolçular bu gün sanki meydanda həvəssiz görünürdülər. Bunu Cavid Hüseynovla bağlı baş vermiş son hadislərlə əlaqələndirmək olmarmı?
– Xeyr, bu fikirlə razı deyiləm. Sadəcə, son 15 dəqiqədə yorğun idik, 3 gündən bir oyuna çıxmağa öyrəşməmişik. 
– Komandaya bir futbolçu transfer olunacağı deyilirdi. Bu keçid komanda qrup mərhələsinə düşəcəyi halda baş verəcək?
– Qrup mərhələsinə vəsiqə qazansaq, hətta 2 yeni futbolçu transfer edə bilərik. Bu heytələ qrupda bizim üçün çətin olacaq. Ehtiyatda demək olar ki, oyunu dəyişə biləcək futbolçu yoxdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp