17 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənovun futbolinfo.az saytına müsahibəsi:
– Komandanın özülünü formalaşdıra bilmisinizmi? Ümumiyətlə, millinin aparıcı üzvlərini müəyyənləşdirmisnizmi, yoxsa axtarışlarınız davam edir. Bu barədə bizi məlumatlandırardız…
– Avqustun 17-dən Bakıda təlim-məşq toplanışına yığışmışıq. Ardınca ayın-25-də və 27-də səfərdə Ukrayna ilə, sonra isə Belarusda senytabrın 3-də və 5-də meydan sahibləri ilə qarşılaşacağıq. Toplanışda əsas məqsədimiz bu 4 matça hazırlaşmaqdı. Demək olar ki, Azərbaycanda bu yaş kateqoriyasına uyğun olan bütün futbolçuları toplanışlarda sınaqdan keçirmişik. Yenə də seleksiya işimizi davam etdiririk. Komandaya dəvət olunanlar özlərini yaxşı tərəfdən göstərə bilənlərdi. Çalışırıq ki, bu futbolçularla heyətimizi möhkəmləndirək. Legioner həyatı yaşayan oyunçularımız da var. Bu dəfə də Türkiyədən 2 yeni futbolçumuz var, onları yoxlamaq istəyirik. Toplanışda komandanın özəyi olan futbolçular bizimlədi. 
– Ölkəmiz gələn il may ayında 17 yaşlılar arasında Avropa Çempionatını (AÇ) qəbul edəcək. Bu nöqteyi-nəzərdən millinin may ayınadək olan planı hazırlanıbmı?
– Bəli, planımız hazırdı. Düzdü, ola bilər gələcəkdə nəsə dəyişikliklər oldu. Planımız haqqında qısa olaraq onu deyə bilərəm ki, sentyabrda səfərdə Moldova ilə qarşılaşacağıq. Bu görüşdən öncə də toplanışımız olacaq. Bundan başqa, oktyabr-noyabr aylarında da biri xaricdə olmaqla, 2 təlim məşq toplanışımız baş tutacaq. Bakıdakı hazırlıqlarımız  vaxtı hansısa milli komanda ilə 2 yoldaşlıq oyunu keçirmək fikrindəyik. İlin sonuna yaxın isə 2 dənə seleksiya xarakterli təlim-məşq toplanışımız olacaq. Çempionatımızda özünü göstərə bilən futbolçuları yenidən sınaqdan keçirəcəyik.
– Heyətə cəlb olunan futbolçuları hansı şəkildə tapırsınız?
– Həmin futbolçuları biz dəvət edirik və ya məşqçilər gedib oyunlarını izləyir. Azəbaycandakı oyunların da hamısına biz məşqçilər gedib baxırıq. Buradakı futbolçuların oyunlarına 1-2 dəfə yox, daha çox baxırıq. Xaricdə seleksiyaçı məşqçilərimiz var, bizə xəbər ötürürlər. Biz bəzən turnirlərə gedəndə orada azərbaycanlı futbolçuları görürük. Məsələn, Almaniyadan, Türkiyədən bizə müraciət edən futbolçular var. Federasiyaya özləri haqqında məlumat göndərirdlər. Həmçinin, Rusiyada yaşayan veteran futbolçulardan kimsə bizə xəbər verir. 
– Məsələn, hazırda komandanızın heyətində Türkiyədən gələn 2 yeni futbolçu haqqında məlumatı necə əldə etmisiniz?
– Azərbaycan Beynəlxalq Bankı hər il Bakıda turnir keçirirdi. Oraya "Beşiktaş" da gəlmişdi. Mən onların oyunlarına baxıb, bəzi futbolçularını bəyəndim. Məşqçiləri ilə razılıq əldə edəndən, sonra həmin futbolçuları təim-məşq toplanışına dəvət etdim. Məsələn, Almaniyada turnirdə olduğumuz vaxt orada azərbaycanlı futbolçular görmüşük. 
– Komandanın indiki potensialı AÇ-də hansı nəticəni qazanmağa imkan yaradır?
– Yəqin ki, gələcəkdə heyəti bir az da gücləndirəcəyik. Futbolçuların da səviyyəsini bir az qaldırmalıyıq. Mütəmadi olaraq, bu futbolçulardan testlər götürürük və onun nəticələrinə uyğun çalışırıq. Sonrada klublara futbolçuların çatışmayan cəhətləri ilə bağlı tövsiyyələrimiz olur. Bu yöndə işlər görürük ki, komandamız may ayına kimi istər fiziki, istərsə də texniki cəhətdən yüksəlsin ki, biz də heç olmasa yarımfinala kimi irəliləyək.
– Sizcə, mövcud vəziyyətdə ən çox güclənməli olan hansı mövqedi?
– Demək olar hər mövqedə işimiz çoxdu. Futbolçular daha məsuliyyətli və canla-başla mübarizə aparır. Əgər futbolçumuz bilsə ki, o Azərbaycanda mövqeyində ən güclüdü, onda arxayınçılıq yaranacaq. Amma xaricdən gələn futbolçular komandada rəqabət yaradır. Bu da inkişaf üçün çox böyük təkandı. Amma təbii ki, bütün mövqelərdə çatışmayan cəhətlər var. Bunların da üzərində çalışırıq. Ən azı hansısa mövqedə çıxış edən futbolçudan üstününü görsək, təbii ki, həmin şəxsi komandaya dəvət edəcəyik. 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp