Dünən Avropa Liqasının pley-off matçı çərçivəsində səfərdə İsveçrənin "Yanq Boyz" klubunu məğlub edən (1:0) "Qarabağ" bir neçə ilkə imza atıb. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi tarixində ilk dəfə avrokubokların pley-off matçında qələbə qazanmağı bacarıb. 
"Atlılar" bu uğura nə az, nə çox 9-cu matçda imza atmağa müvəffəq olub. Ümumiyyətlə, bu oyundan əvvəl 15 pley-off qarşılaşmasına çıxan Azərbaycan klubları ancaq 1 dəfə qələbə sevinci yaşamışdı. Belə ki, bunu isə "Neftçi" bacarıb. Maraqlıdı ki, bakılılar da rəqibini səfər görüşündə üstələməyi bacarmışdı. 
Ağdamlıların qələbəsi başqa bir ilklə də yadda qaldı. Belə ki, ilk dəfə təmsilçilərimiz İsveçrə klubunu məğlub edə bildi. Bu iki ölkə təmsilçiləri arasında daha öncə baş tutan hər iki qarşılaşmada mərkəzi avropalılar üstün olmuşdu.
"Yanq Boyz" üzərində  qələbə "atlılar"ın avrokuboklarda 22-ci zəfəri oldu. Bundan əvvəl, qələbələrin 11-i səfərdə, elə bir o qədəri də doğma meydanda qeydə alınıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp