Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları arxada qaldı. Turnirdə iştirak edən 2 Azərbaycan təmsilçilərindən meydançaya ilk olaraq “Qəbələ” çıxdı. Yunanıstan “Panatinaikos”u ilə Bakıda baş tutan oyunda Ellada təmsilçiləri cütün favoriti hesab olunurdular.
Oyunun ilk dəqiqələrindən təşəbbüsə yiyələnmələri də daha təcrübəli qonaqların qrup mərhələsinə düşməyə daha yaxın olmalarından xəbər verirdi. İlk 15 dəqiqədən sonra olduqca acınacaqlı mənzərə yaranmışdı: “Qəbələ” qapısına sıxılıb, Yannis Anastasiunun yetirmələri isə meydanın perimetri boyu rəngarəng hücumlar təşkil edirdi.
Buna baxmayaraq, ilk 45 dəqiqənin 1/3 hissəsi geridə qaldıqda, yeganə nisbi təhlükə Roman Qriqorçukun yetirmələrindən gəldi. Lakin Lyuk Stil Aleksey Qayın zərbəsini zərərsizləşdirməyi bacardı. İlk yarının ən təhlükəli epizodlarına gəlincə, əvvəlcə Mladen Petriç yaxın məsafədən dirəyi nişan aldı, bir qədər sonra isə Aleksey Antonovun hava ötürməsindən sonra Dodonun baş zərbəsinə azacıq dəqiqlik çatmadı.
Yunanların təzyiqinə tab gətirməyi bacaran təmsilçimiz, tədricən oyunda tarazlığı bərpa etməyi bacardı. Bunda yarımmüdafiəçilərin rolu danılmazdı. Ancaq Aleksey Qay, Dodo, Sergey Zenyov haqda xoş sözlər demək mümkündüsə, bunu heç cür Rəşad Sadiqova şamil edə bilmərik. Sadiqovun çoxsaylı top itkiləri, hücumlara kəsər vermək əvəzinə, arxaya ötürmə etməklə faktiki olaraq, “Qəbələ”nin hücum potensialına ciddi zərbə vururdu. Dünənki görüşdə Arif Daşdəmirov da antiqəhrəmanlar sırasında “öncüllər”dən idi. Bunu hiss edən qədim Ellada təmsilçiləri məhz dağıstanlı futbolçunun cinahından reydlər etməyə üstünlük verirdilər.
“Qəbələ”nin sıralarında ən xoş sözlərə Aleksey Qay layiqdi. Əlbəttə, noyabrda 33 yaşını qeyd edəcək ukraynalı yarımmüdafiəçi üçün qonaqların futbolçuları ilə sürət komponentində ayaqlaşmaq mümkünsüz idi. Ancaq Ədalət Şükürovun məşhur mahnısında olduğu kimi “qoca çinar bilirdi”. Aleksey gövdəsi ilə elə idarə edirdi ki, “Panatinaikos”un futbolçuları sanki dalğa qayaya dəyərək, pərən-pərən düşürdülər. 
Sergey Zenyovun adət etdiyimiz effektiv oyununu görməməyimizin başlıca səbəblərindən biri isə, rəqibin “Qəbələ”ni yaxşı analiz etməsi idi. Estoniya yığmasının futbolçusu yalnız bir epizodda müdafiəçilərdən sıyrıla bildi. Ancaq həmin epizodda bəstəboy yarımmüdafiəçinin zərbəsi göylərə uçdu.
“Qəbələ”nin ardıcıl 4-cü ev oyununda da qapısının toxunulmaz saxlamasının əsas səbəbkarlarından biri Dmitri Bezotosnı oldu. Fasilədən sonra meydana çıxmış Markus Berqin 6-7 metrlikdən endirdiyi qüvvətli zərbəyə təcrübəli əlcək sahibinin göstərdiyi reaksiya ən yüksək qiymətə layiqdi.
Sonda bir neçə kəlmə də hücum xətti barədə. Cari mövsümdə Aleksey Antonovun forvard libasında faydalı iş əmsalının olduqca aşağı olması hər kəsə bəllidi. Bu dəfə Qriqorçuk ukraynalı hücumçuyla bağlı fərqli qərar vermişdi. Antonov gah mərkəz hücumçusu, gah da “10 nömrə” mövqeyində oynayırdı. Bu rotasiya nəticəsində mütamadi olaraq, Ermin Zetslə yerlərini dəyişən Aleksey, “Qəbələ”nin heyətində ən yaxşı oyununu keçirdi. Əlbəttə, bu, heç də o anlama gəlmir ki, Antonov superfutbol sərgilədi. Sadəcə, əvvəlki oyunlarına baxdıqda, ciddi irəliləyişin sezildiyini söyləyə bilərik.
İki oyunlu sistemdə qolsuz bərabərlik əlbəttə ki, qonaq komandanın aktivinə yazılır. Amma bir sıra məqamlar var ki, Topaz Premyer Liqasının bürünc mükafatçısının da lehinə işləyir. Komanda cari avrokubok mövsümündə səfərdə keçirdiyi 3 oyundan 2-də fərqlənib. Nəzərə alsaq ki, istənilən məhsuldar heç-heçə “Qəbələ”ni qrup mərhələsinə daşıyacaq, bu, çox vacib faktordu. Digər tərəfdən, Qriqorçuk rəqibin real potensialını dünən görə bildi və cavab oyununa buna uyğun taktika qura bilər. Cavid Hüseynovun yoxluğunda “Qəbələ” ilk dəfə meydana çıxdı və komanda bir növ bu sarıdan itkiyə uyğunlaşmaq üçün müəyyən praktika qazandı. Nəhayət, son və şəxsi fikrimcə ən önəmli məqam. Qriqorçuk ilk oyunda Floreskunu oynatmadı. Fasilədə rumın yarımmüdafiəçinin topla davranışından hiss olunurdu ki, o, heç olmasa 15 dəqiqə meydanda ola bilər. Lakin Roman İosifoviç ona sonadək şans vermədi. Fikrimcə, qıvrımsaç Yunanıstandakı görüşdə Qriqorçukun “gizli silah”ı olacaq. Ancaq yanılsaq da, problem deyil. Təki təmsilçimiz qrup mərhələsinə adlasın.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp