Futbol üzrə Azərbaycan milli komandasına dəvət alan “Kəpəz”in futbolçusu Tərlan Quliyevin klubun mətbuat xidmətinə müsahibə verib. Futbolinfo.az sizi həmin mətnlə tanış edir.
– Tərlan, əvvəlcə səni milliyə dəvət aldığına görə təbrik edirik.
– Çox sağ olun. Açığı, yığmaya dəvət alacağımı gözləmirdim, birdən-birə oldu. Çempionatın startında belə xəbər aldığım üçün çox sevindim. Hamı kimi mən də milli komanda naminə əlimdən gələni etməyə çalışacağam.
– Robert Prosineçkinin baş məşqçiliyi dövründə ilk dəfədi ki, yığmaya dəvət alırsan. Nə deyə bilərsən?
– Bundan əvvəl Berti Foqtsun vaxtında milliyə çağırılmışam. İtaliya, Xorvatiya və Bolqarıstana qarşı oyunlara dəvət almışdım. Xorvatlarla matçda 67-ci dəqiqədə meydana çıxmışdım, bolqarlarla Bakıdakı oyunda da ikinci hissədə oynamışam. “Qarabağ”da çıxış etdiyim dövrlər idi.
– Deməli, “Kəpəz”ə keçidin yığmaya yenidən çağırılmağın üçün sənə düşərli oldu.
– Bilirdim ki, daim oynamaq lazımdı ki, milliyə düşə biləsən. Çünki baş məşqçi oynayanlara, kim güclüdüsə, onlara üstünlük verir. İnşallah, özümü sübut edib, əsas heyədə yer almağa səy göstərəcəm. Məqsədim budu.
– Buna kimi “Kəpəz”in bir neçə futbolçusu millinin sınaq toplanışına dəvət olunsa da, oyunlara çağırılan olmayıb. Tarixə səyahət etsək, Gəncə klubunun üzvünün sırf oyuna görə sonuncu dəfə 2000-ci illərin əvvələrində yığmaya çağırıldığını deyə bilərik. Sən bu sindromu qırdın. Bunu bilirdin?
– Yox, bu barədə məlumatım yox idi. Uzun illərdən sonra “sarı-göy” formanı geyinən futbolçu kimi buna nail olduğum üçün çox fərəh duyuram. Gəncə kimi futbol şəhərini, “Kəpəz”i millidə təmsil edəcəyim üçün sevinirəm.
– Yəqin ki, arzu edirsən ki, yığmaya səninlə yanaşı komanda yoldaşlarından da düşən olsun.
– Əlbətdə, komandamızda çox yaxşı futbolçular var, onların da növbəti toplanışlarda yığmaya dəvət almasını ürəkdən istəyirəm. Hər şey qismətdən və çalışıb özünü göstərməkdən, sübut etməkdən asılıdı. Yaxşı olar.
– Və sonuncu sual. Milliyə dəvət almağın “Qəbələ” ilə qarşıdakı çempionat oyununda sənin üçün əlavə motivasiya olacaq?
– Bu sualı verəcəyinizi bilirdim. Əvvəlki iki turdakı oyunlara necə hazırlaşmışamsa, qarşıdakı matça da o cür məşq etmişəm. Özümü başqa cür də apara və ya ayrı hisslərə qapıla bilmərəm. Amma ruh yüksəkliyi var. Bu da olmalıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp