Sabah Topaz Premyer Liqasında 3-cü turun qarşılaşmalarına start veriləcək. Futbolinfo.az xəbər verir ki, 3 gün ərzində keçiriləcək qarşılaşmalardan 2-i əyalətdə, digərləri isə paytaxtda baş tutacaq. 
İlk oyun günündə keçiriləcək yeganə görüşdə "Xəzər Lənkəran" "Rəvan"ı qəbul edəcək. Məlum cəzadan sonra əsas futbolçularının xidmətindən yararlana bilməyən cənublular gözləniləndən də yaxşı çıxış edir. Ona görə də bu qarşılaşmada "gəmiçilər"i favorit saymaq olar. Bundan başqa, illərdi azarkeş sayı baxımından ən pis dövründə belə hamını üstələyən cənublu fanatlara nəhayət ki, rəqib tapılıb. Stadiona böyük axın olacağı gözlənilir. Cənublu fanatlar ötən tur Gəncədə qırılan 12500-lük azarkeş rekordunu yeniləməyi qarşılarına məqsəd qoyublar. Onların məqsədinə çatıb-çatmayacağı isə sabahkı oyunda bilinəcək. Sözügedən komandalar isə indiyədək 10 dəfə üzləşiblər. 4 matçın sülhlə yekunlaşdığı rəqiblərin duelində komandaların qələbə sayı da eynidi – 3. Lakin top fərqində "ağ-yaşıllar"ın üstünlüyü hökm sürür – 15:9.
Turun digər qarşılaşmaları isə növbəti gün – avqutsun 23-də oynanılacaq. İlk olaraq meydana "Neftçi" və "Sumqayıt" çıxacaq. "Bakcell Arena"nın ot örtüyü yaxşı vəziyyətdə olmadığından oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Bu görüşdə qələbə "Neftçi"yə hava-su kimi lazımdı. Topaz Premyer Liqasında 9 oyundu qələbənin nə olduğunu bilməyən bakılılar bu dəfə də qalib gəlməsə, durum daha da çətinləşəcək. Onsuz da, komandada gərginlik pik həddədi. Paytaxt təmsilçisi cari mövsümdə hələ də qol hesabını aça bilməyib. Əsasən, yerli gənc futbolçuların ümidinə qalan "ağ-qaralar" ötən tur qırmızı vərəqə alan Xuan Mellinin də xidmətindən yararlana bilməyəcək. Bu qarşılaşma tərəflərin 13-cü dueli olacaq. Əvvəl baş tutan görüşlərin 7-də bakılılar, 3-də isə "Gənclik şəhəri" təmsilçisi qalib gəlib. 2 oyunda isə tərəflər meydanı 1 xalla tərk edib. "Neftçi"nin vurduğu 27 qolun müqabilində rəqib 14 dəfə bakılıların qapısına yol tapıb. 
Günün əyalətdə baş tutacaq yeganə qarşılaşmasında iki bölgə komandası "Qəbələ" və "Kəpəz" qarşılaşacaq. Bu matçda hansısa komandanı favorit kimi göstərmək çətindi. Belə ki, "qırmızı-qaralar" 2-3 gündən bir oyuna çıxdığını nəzərə alsaq, bu, onların oyununa təsir göstərə bilər. İlk 2 turdan sonra döyüşkən komanda təsiri bağışlayan gəncəlilərin əsas məqsədi bu qarşılaşmada məğlub olmamaqdı. Qəbələdə keçiriləcək oyuna Gəncədən çoxlu azarkeş gələcəyi gözlənilir. İndiyədək 8 dəfə qarşılaşan komandalar hərəyə 2 dəfə qələbəyə seviniblər. 4 görüşdə isə sülh qeydə alınıb. Bu matçlarda qəbələlilər 7, "sarı-göylər" isə 5 dəfə rəqib qapısına yol tapmağa müvəffəq olub. 
Bu qarşılaşma ilə eyni vaxtda Mərdəkanda AZAL son 7 oyunda qalib gələ bilmədiyi "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisinin favorit olduğu görüşdə ehtiyat qüvvə ilə mübarizə aparacağını gözləmək olar. Bu, həm "Yanq Boyz"la oyundan yorğun qayıdan futbolçuların dincəlməsi, həm də cavab qarşılaşmasınadək daha çox dincəlməsi üçündü. "Təyyarəçilər"in qarşılaşmada xal qazanmaq şansı demək olar ki, çox azdı. Cari mövsümdə xal qazana bilməyən yeganə komanda olan AZAL-ın çox güman ki, bu seriyası bir az da uzaya bilər. Tərəflər indiyədək 26 dəfə qarşılaşıb. Bu oyunların 5-də Paytaxt təmsilçisi, 15-də isə ağdamlılar qələbə sevinci yaşayıb. 6 dəfə isə bərabərlik qeydə alınıb. Şüvəlanlıların vurduğu 24 qola, rəqibi 34-ü ilə cavab verib. 
Turun son oyunu isə Zirədə qəsəbənin eyniadlı komandası ilə "İnter" arasında olacaq. Bu oyunda hər iki tərəfin bərabər şanlara malik olduğunu demək olar. Meydan sahibləri qalib gəlməklə turnir cədvəlində qonşu olan rəqibindən aralanmağa çalışacaqsa, "bankirlər"i qalibiyyəti ən azı onların 1 pilə irəliləyəcəyi deməkdi. Bu, sözügedən komandalar arasında ilk qarşılaşma olacaq.
Topaz Premyer Liqası
3-cü tur
22 avqust (şənbə)
21:00. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov 
"Xəzər Lənkəran" mərkəzi stadionu
23 avqust (bazar)
18:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
21:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə 
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
AFFA nümayəndəsi:Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev 
Qəbələ şəhər stadionu
21:00. AZAL – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov 
“Dalğa Arena”
24 avqust (bazar ertəsi)
21:00. “Zirə” – “İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov 
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp