“Qarabağ” Azərbaycan futbol tarixində yeni səhifə açmaq məqsədi ilə İsveçrəyə baş çəkdi.  Qurban Qurbanovun yetirmələri “Yanq Boyz” səfərindən maksimum nəticəylə dönməklə cavab qarşılaşması öncəsi kağız üzərində aşkar favorit oldu.
Qurban Qurvanov start heyətində Raydell Pupona ehtiyac duymayaraq, Reynaldonu mərkəz hücumçusu mövqeyində oynatmaqla, Cavid Tağıyevə yenidən sol cinah yarımmüdafiəçisi funksiyalarını həvalə etmişdi. Bəri başdan qeyd edək ki, Cavid ümidləri yenə doğrultdu. Gənc yarımmüdafiəçi ənənəvi reydləri ilə isveçrəli müdafiəçiləri sözün əsl mənasında dəli etmişdi. Bir qədər mövzudan uzaqlaşaraq, qeyd edək ki, bu futbolçu “ulduz xəstəliyi”nə tutulmasa, yaxın gələcəkdə legioner həyatı yaşamaq şansı qazanacaq (söhbət Türkiyənin 1-ci Liqasının sınıq-salxaq klublarından getmir).
Birinci hissədə “gənclər” İbrahim Şehiçin qapısı qarşısında yaratdıqları qol epizodlarına görə Azərbaycan çempionunu qabaqlasalar da, bu, hansısa ərazi üstünlüyündən qaynaqlanan hal deyildi. Sadəcə, “atlılar”ın qapısı qarşısında fors-major hallar yaşanırdı ki, bu da fərdi və ya mövqe səhflərindən sonra baş verirdi…
Ağdam təmsilçisinin hücum xəttində daha rəngarəng oynamasının əsas səbəblərindən biri, bəlkə də birincisi, Əl Hərbi El Jadeuyinin (Larbi) “Qarabağ” formasında ilk dəfə normal futbol sərgiləməsi idi. Əgər indiyədək keçirdiyi 6 oyunda mərakeşli yarımmüdafiəçi bir dəfə də olsun barəsində müsbət rəy söyləmək üçün əsas verməmişdisə, isveçrəlilərlə oyundan sonra “siftə” etdi. Bunun nəticəsində də çempionumuz tək sol cinah və mərkəzdən deyil, həm də sağ cinahdan da hücumlar təşkil edirdi. Görünür “Yanq Boyz” da Labrinin əvvəlki oyunlarını diqqətlə izləyibmiş. Elə bu səbəbdən də əsas diqqətini digər mövqelərə yönəltmişdi. Ancaq sağ vingerin bu görüşdə kifayət qədər fəal görünməsi meydan sahiblərinin bütün planlarını məhv etmişdi. Onlar bilmirdilər Cavidi izləsinlər, yoxsa Labbrini, Reynaldonun qarşısını kəssinlər, yoxsa Almeydaya göz qoysunlar. Ümumiyyətlə, “Qarabağ” Berndəki matçda bir fırtınanı xatırladırdı. Özü də ən maraqlısı budu ki, çempionumuz daha məzmunlu futbolu fasilədən sonra, yəni adətən Azərbaycan klublarının əziyyət çəkdiyi 2-ci hissədə oynamağa başladı.
Ümumiyyətlə, “Qarabağ” cari mövsümdə ən yaxşı oyununu sərgilədi. Xüsusilə, hücum xəttində. Bəli, Dani Kintana bir qədər ümumi ansabldan geri qalırdı, ancaq bütövlükdə o da pis təsir bağışlamadı. Reynaldonun fərdi ustalıq sayəsində 2 müdafiəçinin arasından sıyrılaraq qapıçı ilə təkbətək qaldığı epizod isə istənilən oyunun bəzəyi ola bilərdi. Bəli, braziliyalı sehrbaz qolkiperlə randevudan məğlub ayrıldı, ancaq elə anlar olur ki, qol vurulmasa belə, tamaşaçılar hansısa epizoda heyran qalırlar. 
Elə qol da fantastik alındı. Doğrudu, bu, bir qədər kuryoz baş verdi. Top Reynaldodan sıçrayaraq, Almeydanın önünə düşdü. Riçard topu saxlamadan, təqribən 30 metrlikdən “mərmi”ni qapı tirinin altına göndərdi. Əlbəttə, bu epizodda bəxt “Qarabağ”ın üzünə güldü. Amma əbəs yerə deməyiblər axı, “bəxt güclüləri sevir”! 
Həmin gecə Azərbaycan çempionunun benefisi kimi yadda qaldı. Ancaq Avroliqanın qrup mərhələsinə düşmək üçün daha bir 90 dəqiqədə bunu sübut etmək lazımdı. Ani diqqətsizlik bütün zəhməti yerə çırpa bilər. Ümid edək ki, çempionumuz Azərbaycan futbol tarixinə ardıcıl 2 dəfə avrokuboklarda qrup mərhələsi oynamış komanda kimi düşəcək.
P.S. Həmin gün “Qəbələ”nin oyununda final fiti səslənən kimi, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin avtomobilində evə tələsdim. Nə mətbuat konfransına qaldım, nə də futolçu və rəsmilərdən fikir öyrənə bildim. Sağ olsunlar, həmkarlarım, bu boşluğu hiss etdirmədilər. Rüstəmli maşını sanki at kimi çapırdı. Maraqlıdı, yol boyu ancaq “Qəbələ”nin oyunundan danışdıq. “Qarabağ”dan isə cəmi bir kəlmə kəsmişdik… Almeydanın yaşını müzakirə etmişdik. Bu, avqustun 20-də olmuşdu. Səhəri gün isə hamı Almeydanın qolundan danışırdı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp