Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” klubunu məğlub edən “Qarabağ” dünən vətənə qayıdıb. Futbolinfo.az xəbər verir ki, çarter reysi ilə gələn ağdamlıları hava limanında azarkeşlər və jurnalistlər qarşılayıb.
Komandanın kapitanı Rəşad Sadıqov da orada jurnalistlərə açıqlama verib: "Qarşılaşma bizim üçün çətin keçdi. Rəqibimizin hücum etməyi sevən komanda olduğunu bilirdik və buna hazır idik. Siz də gördünüz ki, oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Bəzi anlarda topa nəzarət etməyə çalışdıq, eyni zamanda rəqibin pressinq cəhdlərinin də qarşısını alaq. Başqa yolumuz yox idi. "Yanq Boyz" daim irəli atılırdı. Artıq nəticəni unutmuşuq. Çünki 1:0 elə nəticədir ki, səfərdə, yaxud evdə qazanılmasından asılı olmayaraq, arxayınlaşmağa əsas vermir. "Honka"yla oyunda da bu hesabla qələbə qazanmışdıq, Bakıdakı oyunda isə fasiləyə qədər 1:1 oldu, xeyli həyəcanlandıq. "Visla"nı da səfərdə eyni hesabla yenmişdik, amma burda 3:0 hesabını 3:2-yə çevirməyə bacardılar. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Bir çox yollardan keçmişik, bu cür hisslər bizə tanışdı. Eyni zamanda, rəqibimizi daha yaxşı tanımaq imkanı əldə etdik. Almeyda qol zamanı yaxşı zərbə vurdu və hər şey uğurlu alındı. Məqsədimiz məğlub olmamaq idi. Bilirdik ki, ilk oyunu səfərdə məğlub olandan sonra işimizi xeyli çətinləşdirərik. Oyundan əvvəl minimal hesablı qələbəyə razı olardıq, şükürlər olsun ki, qələbə qazandıq".
Qeyd edək ki, sözügedən komandalar arasındakı cavab görüşü avqustun 27-də, saat 21:00-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp